EN

Onurğa yırtığı necə yaranır və qarşısını hansı formada almaq olar? - FOTO

Demək olar ki, beli ağrımayan insan yoxdur və çox vaxt bu ağrıların səbəbi fəqərəarası disk yırtığı (onurğa yırtığı) olur.

Ölkə.Az xəbər verir ki, bu sözləri fizioterapevt Nuriyyə Əlibəyli deyib. O, “onurğa yırtığı necə yaranır?” sualını belə cavablandırıb:

"Onurğa yırtığı bel fəqərələri arasındakı diskin zədələnib içindəki yumşaq hissənin çölə çıxması və sinirə təzyiq etməsidir.
Belimizdə çoxlu kiçik sümüklər - fəqərələr var. Bu sümüklərin arasında “disk” adlanan yumşaq qığırdaq "yastıqlar" yerləşir. Disklərin əsas işi - belə elastiklik vermək və hərəkət zamanı sümüklərin bir-birinə toxunmasının qarşısını almaqdır.

Disk zədələndikdə aşağıdakı əlamətlərlə özünü göstərə bilər:

- Bel və boyun ağrısı
- Ayaqlarda və ya qollarda keyimə, zəiflik
- Ayağa və qollara yayılan kəskin ağrı
- Hərəkət zamanı ağrının artması və sərtlik”.

Onurğa yırtığının 95% hallarda əməliyyatsız müalicə olunduğunu deyən həkim cərrahi müdaxilənin zəruri olduğu hallardan da söz açıb:

“Əməliyyat yalnız bu hallarda vacib olur:
1. Ayaqda və ya qollarda zəiflik, hissiyat itkisi, keyimə, pəncədə parez (düşük pəncə), əzələ itkisi (ayağın və ya qolun arıqlaması) varsa;
2. Sidik və ya nəcis saxlaya bilməmək müşahidə olunursa;
3. Ağrı 6-8 həftə heç bir ağrıkəsici və fizioterapevtik prosedura tabe olmursa;

İnteqrativ tibb yanaşmasında məqsəd yalnız ağrını aradan qaldırmaq deyil, yırtığın yaranma səbəbini aradan qaldırmaq və zədələnmiş diskin bərpasına nail olmaqdır. İnteqrativ müalicə üsullarına biotənzimləyici terapiya (nevral terapiya, biopunktura, homeosiniatriya, akupunktura və s.), ozon terapiyası, PRP, mezoterapiya, fizioterapiya və manual terapiya, qamətin bərpası və onurğa əzələlərinin gücləndirilməsi məşqləri, həmçinin stresin azaldılması (çünki əzələ gərginliyi sinirləri sıxır) daxildir.

Əksər hallarda inteqrativ tibb və düzgün fizioterapiya proqramı ilə əməliyyatsız ağrı azalır, sinir sıxılması aradan qalxır, hərəkət azadlığı və həyat keyfiyyəti bərpa olunur”.

Billurə
 

Chosen
32
1
olke.az

2Sources