EN

Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir”

“Tanıdığım bir adam evinin təmiri üçün alış-veriş edərkən ana dilimizə 34 illik müstəqillik yolundan sonra da davam edən sayqısızlığa dözə bilməyib və narazılığını mənə yazıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycan Dil Qurumunun başqanı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib.

O, mağazada vətəndaşa verilən qaimənin fotosunu paylaşaraq yazıb:

“Bu sənəddə diqqət çəkən iki ciddi məsələ mövcuddur. Birincisi, qaimənin (xərclər sənədinin) rus dilində tərtib olunmasıdır. Ölkəmizdə dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” qanuna əsasən, ölkədə fəaliyyət göstərən bütün müəssisə-təşkilatlar rəsmi sənədləşməni dövlət dilində aparmalıdırlar. Bu qaimənin rus dilində hazırlanması həm hüquqi, həm də dilimizin dövlət idarəçiliyində və ticarət dövriyyəsində rolunun azaldılması baxımından dilimizə hörmətsizlikdir.

İkinci problem sənəddə qeyd olunsn avadanlıqların adlarının indiyədək Azərbaycan dilində müəyyən edilməməsi və yad dildə göstərilməsidir. Əgər bu avadanlıqların dövlət reyestrində və ya texniki təsnifat sistemində Azərbaycan dilində qarşılığı artıq mövcuddursa, o zaman həmin adların sənədlərdə istifadəsinin olmaması məsuliyyətsizlikdir. Əgər hələ qarşılıqlar müəyyən edilməyibsə, bu da ayrıca problem kimi qalır və müvafiq qurumların - özəlliklə Terminalogiya Komitəsinin və Standartlaşdırma, Metrologiya və Patent üçün Dövlət Komitəsinin bu istiqamətdə işini sürətləndirməsi vacibdir. Prezident İlham Əliyev iki hün öncə Akademiyadakı çıxışında vurğulayır ki, Dilimizin saflığının qorunması hər bir azərbaycanlının borcudur”.

S.Rüstəmxalı qeyd edib ki, sənədlərin dövlət dilində tərtib edilməməsi və texniki adlandırmaların milli dilimizdə olmaması, Prezidentin apardığı milli dil siyasətinə ziddir:

“Azərbaycan dilinin iqtisadi-texniki sahələrdə işlənməsi yalnız dil siyasətinin tələbi deyil, həm də milli kimliyimizin qorunması deməkdir. Buna görə də hər bir kommersiya sənədi, o cümlədən qaimələr yalnız Azərbaycan dilində tərtib edilməli və malların adları Azərbaycan terminologiyasına uyğun yazılmalıdır. Bu yanaşma həm hüquqi cəhətdən, həm də ictimai-mədəni baxımdan əsaslıdır. Dövlət idarələri və kommersiya təşkilatları vətəndaşın bu və buna bənzər iradlarını diqqətlə nəzərə almalıdırlar”.


Telegram kanalımız
Chosen
48
7
yenisabah.az

8Sources