EN

Dünyanın ən uzun məsafəli uçuşu üçün hazırlanmış təyyarə təqdim olunub

Tuluz şəhərində “Qantas” aviaşirkətinin sifarişi ilə istehsal edilən ilk “Airbus A350-1000 ULR” zavoddan çıxıb. Bu təyyarə “Sunrise” layihəsinin əsas elementi olaraq, 20 saatdan çox fasiləsiz uçuşlar həyata keçirmək üçün nəzərdə tutulub.

Bu nəhəng təyyarə 184.000 litrlik yanacaq çəni sayəsində o, Sidney-London kimi 18.000 kilometr məsafəni birbaşa qət edə biləcək.

Avstraliyanın milli aviaşirkəti “Qantas” dünyanın ən uzun məsafəli uçuşlarını reallaşdırmaq məqsədilə 12 ədəd “A350-1000 ULR” təyyarəsi sifariş edib. Şirkət bildirib ki, yeni təyyarənin zavoddan çıxması sənaye baxımından mühüm mərhələnin keçildiyini göstərir və bu, birbaşa və uzun məsafəli səfərlərə artan tələbatı qarşılamağa imkan verəcək.

Bu layihə sayəsində sərnişinlər, xüsusilə Avstraliya ilə Şimali Amerika arasında, hazırda dayanacaqlı reyslərə nisbətən 4 saata qədər vaxt qazanacaqlar.

Yeni model 20.000 litrlik əlavə yanacaq çəni ilə təchiz olunub və bunun sayəsində 22 saat havada qalma imkanı yaradır. Təyyarə “Rolls-Royce Trent XWB” mühərrikləri ilə işləyəcək.

Rahatlıq baxımından da təyyarə fərqlənir — cəmi 238 sərnişin yeri olacaq və onlar dörd sinif üzrə bölünəcək. Bu da uzun uçuşlarda daha geniş və rahat şəraitin təmin edilməsinə yönəlib.

Əgər hər şey planlaşdırıldığı kimi getsə, Qantas “Sunrise” layihəsi ilə dünyanın ən uzun uçuş rekordunu qıracaq. Hazırda bu rekord Çinin “Xiamen Air” şirkətinə məxsusdur — Nyu-York–Fucjou reysi 19 saat 20 dəqiqə davam edir və 14.390 km məsafəni qət edir.

Yeni “A350-1000 ULR” ilə bu göstərici 20 saatı keçə bilər, bu isə kommersiya aviasiyasında yeni bir mərhələ deməkdir.

Layihə çərçivəsində ilk test uçuşları 2026-cı ildə, kommersiya reysləri isə 2027-ci ildə planlaşdırılır. İlk təyyarələrin həmin il Qantasa təhvil verilməsi gözlənilir.

“Airbus A350-1000 ULR” uçuş texnologiyasında dözümlülük və komfortun zirvəsi hesab olunur. Bu təyyarə yalnız yeni texniki nailiyyət deyil, həm də qlobal hava nəqliyyatının sərhədlərini genişləndirən simvol olacaq.

Qantas üçün isə bu, Avstraliyanı dünyanın hər nöqtəsinə birbaşa bağlayan tarixi bir addımdır.

MənbəAZƏRTAC
Chosen
16
5
banker.az

6Sources