EN

"Ermənistan Azərbaycan Ordusunun gücünü görməliydi ki, ..."

Baş nazir Nikol Paşinyanın noyabrın 10-da Müdafiə Nazirliyində Silahlı Qüvvələr rəhbərliyilə əməliyyat müşavirəsi keçirməsinin əsas iki səbəbi var.

Ucnoqta.az xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. Politoloq qeyd edir ki, birinci səbəb Paşinyan bu tədbirlə Azərbaycanla müharibənin Ermənistan üçün ağır məğlubiyyətlə bitiminin 5 illiyini cəmiyyətinə mümkün qədər unutdurmağa çalışıb.
Elspertin sözlərinə görə, Azərbaycanda bugünlərdə Zəfəri bayramı böyük təntənə ilə keçirilərkən, Bakıdakı hərbi paradın əks-sədası davam edərkən, Nikol Paşinyan İrəvandakı iclasda ordunun davamlı modernləşdirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb:

"Paşinyanın bu tədbiri 10 noyabrda keçirməsinin ikinci səbəbi bugünlərdə ona qarşı çıxışlarını sərtləşdirən və məğlubiyyətdə onu günahlandıran keçmiş prezidentlər Serj Sərkisyanı və Robert Köçəryanı susdurmaqdır. Sərkisyan və Köçəryan müharibə öncəsi Paşinyanın ordunu bilərəkdən başsız qoyduğunu bildirərkən, baş nazir Müdafiə Nazirliyində silahlı qüvvələrin inkişafı üçün strateji baxış, yeni təhlükəsizlik mühitinin qiymətləndirilməsi, effektiv idarəetmə, insan resurslarının inkişafı və digər məsələlər müzakirə edib. Yəni Paşinyan bununla rəqiblərinə və cəmiyyətinə demək istəyib ki, müharibədə məğlub olmasına baxmayaraq, ordunun inkişafına diqqəti azaltmayıb. Halbuki, gələn il üçün Ermənistan büdcəsində hərbi xərclər azaldılacaq". 

Elxan Şahinoğlu qeyd edir ki, Robert Köçəryanın son müsahibəsindən çıxan qənaət budur ki, Paşinyan Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə müharibəni başlanğıcda dayandırmağa razılaşsaydı, Ermənistanın itkiləri daha az olardı və Ermənistan Qarabağın işğal altındakı ərazilərinin tamamını itirməzdi:

"Halbuki, Azərbaycan artıq qərarını vermişdi, istənilən atəşkəs müvəqqəti xarakter daşıyacaqdı. Paşinyan Putinin 2020-ci ilin oktyabrın əvvəlində atəşkəs təklifinə razılaşsaydı belə, bu uzun çəkməyəcəkdi. Çünki Azərbaycan düyməyə basmışdı, ərazilərin tamamının işğaldan azad edilməsi əməliyyatı daha sonra davam edəcəkdi. Paşinyan bir neçə gün öncə etiraf edib ki, elə gərək əvvəldən Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edərdi."

Politoloq vurğulayır ki, Paşinyan səmimi deyil:
"Ermənistan Azərbaycan ordusunun gücünü görməliydi ki, müharibədən əvvəl “Qarabağ Ermənistandır” deyən baş nazir 5 il sonra “Qarabağı Azərbaycan ərazisi kimi daha əvvəl tanımalıydım” yanaşmasını ortaya qoysun. Müharibə olmadan Ermənistanın heç bir rəhbəri Qarabağı Azərbaycan ərazisi kimi tanımazdı".

Chosen
48
3
ucnoqta.az

5Sources