EN

Messidən duyğulandıran paylaşım: "Ümid edirəm, bir gün qayıda bilərəm, təkcə vida üçün yox"

Futbol tarixinin ən böyük ulduzlarından biri, hazırda "Inter Mayami" klubunun formasını geyən Lionel Messi doğma meydanı "Kamp Nou"ya gizli səfəri ilə yenidən gündəmə gəlib.

Far.Az xəbər verir ki, 38 yaşlı argentinalı ulduz "Instagram" hesabında paylaşdığı fotolar və videolarla "Barselona"ya olan sevgisini bir daha nümayiş etdirib. O, yazıb:

"Dünən gecə çox darıxdığım bir yerə qayıtdım. Burada çox xoşbəxt idim, özümü dünyanın ən xoşbəxt insanı kimi hiss edirdim. Ümid edirəm, bir gün qayıda bilərəm - təkcə bir oyunçu kimi vida üçün yox, çünki bunu heç vaxt edə bilmədim."

Messi bu sözlərlə "Barselona" azarkeşlərinin qəlbini bir daha fəth edib.

Xatırladaq ki, argentinalı futbolçu "Barselona"nın yetirməsidir və 2021-ci ilin yayında klubun maliyyə problemləri səbəbindən məcburiyyət qarşısında "Pari Sen-Jermen"ə transfer olunmuşdu. Hazırda isə o, ABŞ-nin MLS liqasında çıxış edən "Inter Mayami" klubunun heyətində parlayır.

Messi ötən şənbə "Neşvill"ə qarşı keçirilən oyunda iki qol vuraraq komandasını MLS-in Şərq Konfransının yarımfinalına daşıyıb.

Qeyd edək ki, "Barselona"nın ev stadionu "Kamp Nou"nun yenidənqurma işlərinə 2023-cü ilin iyununda start verilib. İlkin plana əsasən, arenanın 10 avqust 2025-ci ildə açılması nəzərdə tutulsa da, işlər bir qədər ləngiyib. Əgər yoxlamalar uğurla başa çatsa, klub 22 noyabrda "Atletik Bilbao" ilə qarşılaşmada yenidən doğma stadionuna dönə bilər. Lakin UEFA-nın mövsüm ortasında stadion dəyişməsinə icazə verib-verməyəcəyi hələ ki, məlum deyil.

Chosen
20
1
far.az

2Sources