EN

Balasanyan ortaya çıxdı – Bakı ilə bağlı ilk bu sözləri dedi

Birinci Qarabağ müharibəsinin iştirakçılarından, keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyan uzun müddət sonra ortaya çıxıb.

Busaat.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, “Aysor Armenia”nın 9 noyabr üçtərəfli bəyanatının 5-ci ildönümü ilə bağlı suallarını cavablandırıb.

Balasanyanın revanşist fikirlər səsləndirməsi Ermənistan ictimaiyyətində diqqət çəkib:

“9 noyabr sənədi qüvvədədir, onu heç kim ləğv etməyib. Ümid edirəm ki, bu sənəd həyata keçiriləcək. Dünyanın heç bir yerində sülh və təhlükəsizlik yoxdur. Əgər zəmanət verilərsə, “artsaxlılar” geri qayıda bilərlər”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişi mətninin paraflanması, o cümlədən, iki ölkə arasında aparılan danışıqlar və imzalanan bir sıra razılaşmalardan sonra sözügedən bəyanat artıq qüvvədən düşmüş hesab edilir. Bakının bəyanatda əksini tapan şərtlərinin çoxu artıq qəbul edilib. Ermənistan tərəfi də bu sənədi keçərsiz hesab etdiyini açıqlayıb. İrəvan hökumətinin rəsmiləri, o cümlədən, dəfələrlə Qarabağ ermənilərinin geri qayıtmasının mümkün olmadığını, bunu dəstəkləmədiklərini bəyan ediblər.

Xatırladaq ki, Vitali Balasanyan 2023-cü ilin 19-20 sentyabrında Azərbaycan ordusunun bir günlük antiterror əməliyyatlarından sonra Qarabağdan Ermənistana qaçıb. O, son iki ildə nadir hallarda ictimaiyyətdə və mediada görünüb. Balasanyanın xüsusilə Ermənistan hökumətindən çəkindiyi üçün müxalifət və Qarabağ klanının proseslərinə qatılmadığı bildirilir.

Chosen
17
8
busaat.az

9Sources