EN

Paşinyan Karapetyanın şirkətinin “axırına çıxır” Oliqarxın enerji şirkətinin lisenziyası ləğv ediləcək

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyası (İXTK) milyarder Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) şirkətinin elektrik enerjisinin paylanması üzrə lisenziyasını ləğv etməyə hazırlaşır.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, məsələ ilə bağlı qərarın layihəsi artıq dərc olunub və onun noyabrın 13-də keçiriləcək iclasda təsdiqlənəcəyi gözlənilir.

Komissiyanın sənədində qeyd olunur ki, EEŞ-in müvəqqəti idarəçisi Romanos Petrosyan 2025-ci ilin yanvarında şirkətin avtomatlaşdırılmış uçot sisteminin sıradan çıxdığı və 2018-ci ildən bəri enerji uçotu ilə bağlı məlumatların silindiyi barədə məlumat təqdim edib.

İXTK şirkətin fəaliyyətində bir neçə ciddi pozuntu aşkar edib. İkinci əsas kimi enerji itkisi və uçotun saxtalaşdırılması göstərilib. “Geğama”, “Arax”, “Qars” və “Debed” filiallarında aparılan yoxlamalar zamanı rəhbərlik tərəfindən işçilərə “elektrik itkisini müəyyən faizlə təmin etmək” barədə göstərişlərin verildiyi bildirilib.

Üçüncü səbəb kimi isə EEŞ-in “Tashir Group” tərkibinə daxil olan digər şirkətlər üçün maliyyə zəmanətləri verməsi göstərilir. Məsələn, “Tashir Capital” ASC “Ardşinbank”dan 7 milyon dollar kredit alarkən onun zəmanətçisi EEŞ olub. Oxşar şəkildə “AMIO Bank”ın “Armholding” ASC-yə verdiyi milyonlarla dollarlıq kreditlərin də təminatçısı EEŞ göstərilib. Komissiyanın qənaətinə görə, bu cür maliyyə əməliyyatları istehlakçılara enerji təchizatını və sistemin təhlükəsizliyini risk altına salıb.

İdarəçi Romanos Petrosyan, həmçinin, şirkətin əvvəlki illərdə komissiyaya saxta hesabatlar təqdim etdiyini, nəticədə elektrik şəbəkəsinin real vəziyyəti, kəsinti və itkilərin həcmi barədə yanlış qiymətləndirmələrin aparıldığını bildirib.

İyul ayında hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının təşəbbüsü ilə energetika haqqında qanuna dəyişikliklər edilib. Yeni dəyişikliklər EEŞ-in “ictimai üstün maraq obyekti” elan edilməsini, şirkətin dəyərinin hesablanmasını və hazırkı sahibinə kompensasiya ödənilməsini nəzərdə tutur. Qərar layihəsinə əsasən, şirkətin idarəçisi vəzifəsində Romanos Petrosyan qalacaq.

Qərardan bir neçə ay əvvəl baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, EEŞ artıq “Tashir” qrupuna məxsus olmayacaq:

“Bəzən cərrahi tədbirlər qaçılmaz olur. Onlardan biri EEŞ-in milliləşdirilməsidir. Bu, dayandırıla bilinməyən prosesdir və iki ssenaridən biri ilə sona çatacaq: ya EEŞ tamamilə dövlətin nəzarətində qalmaqla milliləşdiriləcək, ya da səhmlərin əksəriyyəti enerji sektorunda nüfuzlu beynəlxalq idarəçiyə veriləcək. Hər iki halda Ermənistan hökuməti bu həyati infrastruktura strateji nəzarətini saxlayacaq”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
azpolitika.info

1Sources