BAKI, 11 noyabr TELEQRAF
ABŞ bəzi ölkələrə qarşı idxal rüsumlarının dərəcələrini artırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bunu ölkə lideri Donald Tramp bəyan edib.
O, jurnalistlərin suallarını cavablandırarkən bəzi dövlətlər üçün tariflərin yenidən nəzərdən keçiriləcəyini, bəziləri üçünsə artırılacağını bildirib.
Tramp açıqlamasında qeyd edib ki, ABŞ hazırda İsveçrə ilə əvvəl tətbiq edilən 39%-lik rüsumların azaldılması istiqamətində işləyir. Bununla belə, o, Bloomberg agentliyinin iddia etdiyi kimi tarifin 15%-ə endirilməsi barədə məlumatı təkzib edib.
“Heç bir konkret rəqəm müəyyən etməmişəm. İsveçrəyə kömək etmək üçün müəyyən dəyişikliklər üzərində işləyirik. Amma bəzi ölkələr üçün bu rüsumları bir qədər də qaldıracağıq”, - Tramp vurğulayıb.
ABŞ lideri hansı dövlətlərin artımla üzləşə biləcəyini dəqiqləşdirməyib.
Tramp həmçinin qeyd edib ki, rüsumlardan toplanan gəlirin bir hissəsi ABŞ-nin dövlət borcunun azaldılmasına yönəldiləcək.
O, əlavə edib ki, Ali Məhkəmə prezidentin idxal tarifləri ilə bağlı səlahiyyətlərini məhdudlaşdırarsa, ABŞ-ni iqtisadi və milli təhlükəsizlik böhranı gözləyir.