EN

İranda quraqlıqda Pezeşkianı suçladılar: Allah ona görə ölkəni cəzalandırırmış...

İran görünməmiş quraqlıqla üzləşməkdədir. Musavat.com BBC-yə istinadən xəbər verir  ki, yağışların rekord dərəcədə az olması su anbarlarını demək olar ki, boşaldıb.

Hakimiyyət orqanları vətəndaşları su ehtiyatı toplamağa çağırır.  Prezident Məsud Pezeşkian artıq Tehranın təxliyə edilməli ola biləcəyini bildirib. İran paytaxtında su təchizatına qoyulan məhdudiyyətlər belə fəlakətin qarşısını almaq üçün kifayət etməyə bilər. Rəsmilər həmçinin sudan israfçılıqla istifadə edən ev təsərrüfatlarını və müəssisələri cərimələmək planlarını açıqlayıblar.

Pezeşkianın açıqlaması İran qəzetlərində və sosial mediada tənqid dalğasına səbəb olub. Tehranın keçmiş meri Qulamhüseyn Kərbaşi bu ideyanı "zarafat" adlandırıb və "Tehranın təxliyəsinin mənasız olduğunu" bildirib. İranlı deputat Kamran Qəzənfəri Pezeşkianı quraqlıq və su çatışmazlığına görə günahlandıraraq, onun sərt hicab qanunlarına qarşı çıxdığını iddia edib.

O, Allahın İranı prezidentin ölkədə "günah və pozğunluğun yayılmasına" səbəb olan "namussuz siyasəti" səbəbindən quraqlıqla cəzalandırdığını söyləyib.

Bildirilir ki, Tehrandakı su böhranı yalnız yağışın olmamasından qaynaqlanmır; Problem yüzillik su təchizatı sisteminin köhnəlməsində və sızmalara meylli olması ilə daha da kəskinləşir.

Meteoroloqlar İranda növbəti 10 gün ərzində yağıntı gözlənilmədiyini bildirirlər. Bu şəraitdə su böhranı artıq paytaxtın gündəlik həyatına təsir göstərir.

 

Musavat.com

Chosen
42
musavat.com

1Sources