EN

ABŞ Livandan Hizbullah-ın maliyyə kanallarının bağlanmasını tələb edib

Beyruta səfər edən ABŞ Maliyyə Nazirliyinin nümayəndə heyəti Livan hakimiyyətindən çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərini gücləndirməyi və Hizbullahın maliyyə mənbələrini məhdudlaşdırmağı tələb edib.

Musavat.com xəbər verir ki, məlumatl "Əşarq əl-Əvsət" qəzeti yayıb. Qəzetin məlumatına görə, Amerika nümayəndə heyətinə Milli Təhlükəsizlik Şurasında terrorizmə qarşı mübarizə üzrə baş direktor Sebastian Qorka rəhbərlik edir.

Prezident Cozef Aun ilə görüşdə o, 2025-ci ilin sonuna qədər Hizbullah üçün bütün maliyyələşdirmə kanallarının kəsilməsinin vacibliyini bildirib. Qəzetin məlumatına görə, amerikalı rəsmi bildirib ki, "bu, prioritetdir və Livan ordusunun hazırda məşğul olduğu şiə milislərinin tərksilah edilməsi ilə eyni vaxtda həll edilməlidir. Biz Hizbullahın hərbi infrastrukturunu yenidən qurmaq üçün istifadə etdiyi nağd pul təminatını aradan qaldırmalıyıq".

Cavab olaraq Aun Livanın "çirkli pulların yuyulmasının, qaçaqmalçılığın və terrorizmi maliyyələşdirmək üçün vəsaitlərin istifadəsinin qarşısını almaq üçün müəyyən edilmiş prosedurlara ciddi şəkildə əməl etdiyini" vurğulayıb. O, öz növbəsində ABŞ-ı İsrailin təcavüzkar hərəkətlərinin artmasının qarşısını almağa çağırıb ki, bu da "Livan ordusunun mandat missiyasını yerinə yetirmək üçün Litani çayının cənubunda yerləşdirilməsini tamamlamağa" kömək edəcək.

Dünən Baş nazir Nəvaf Salam və onun kabinet üzvləri ilə danışıqlar aparan Amerika nümayəndə heyətinə ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Con Herli də daxil idi. 7 noyabrda Fox News-a verdiyi müsahibədə o, 2025-ci ilin yanvar ayından bəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsasən pul köçürmə şirkətləri şəbəkəsi vasitəsilə Hizbullaha 1 milyard dollar köçürdüyünü deyib.

Herli bildirib ki, Beyrutdakı danışıqlar "İrandan pul axınının qarşısını almaq" üçün tədbirlərin hazırlanmasına yönələcək: "Hizbullah tamamilə silahsızlaşdırılarsa və maliyyələşdirmədən məhrum edilərsə, Livanın azadlığa, rifaha və təhlükəsizliyə nail olmaq imkanı var".

Musavat.com

Chosen
117
musavat.com

1Sources