EN

Qələbədən sonrakı yeni dövr: Azərbaycan üçün strateji məsuliyyət və dayanıqlı inkişaf - ŞƏRH

Bakı, 11 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev ölkə üçün yeni mərhələnin başlanğıcığının anonsunu verdi.

Tarixən müharibələrdə qələbələr yalnız hərbi və ya siyasi hadisə deyil, həm də onu əldə etmiş xalqların mənəvi və milli kimliyinin dirçəlişinin təzahürü olur. Xüsusilə azadlıq və suverenlik uğrunda aparılmış müharibələrdə əldə olunan qələbələr xalqların gələcək inkişafının təməlini formalaşdırır.

Prezident İlham Əliyevin Qələbənin Zəfərin beşinci ildönümü paradında səsləndirdiyi “Qələbə – bu, son deyil, yeni mərhələnin başlanğıcıdır” fikri, məhz bu tarixi və strateji məzmunu özündə birləşdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

O bildirib ki, bu fikirlər qələbənin, sadəcə, hərbi nəticə deyil, həm də dövlət quruculuğu, iqtisadi bərpa və mənəvi yenilənmə mərhələsinin başlanğıcı olduğunu göstərir.

"Qələbədən sonra formalaşan yeni reallıqlar, bu zəfərin məyus etdiyi regional güclərin maraq toqquşmaları fonunda yaranan çağırışlar dövlətin siyasi sisteminin daha da gücləndirilməsini zəruri edir.

Azad edilmiş ərazilərdə idarəetmənin bərpası, təhlükəsizliyin təmin edilməsi dövlət suverenliyinin əsas şərtlərindən biridir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “yeni dövr” anlayışı təkcə hərbi qələbəni deyil, siyasi sabitlik və milli həmrəyliyin inkişaf etdirilməsi və siyasi sistemini daha da möhkəmləndirməsi prosesini də əhatə edir.

Beləliklə, Qələbə Azərbaycanı siyasi baxımdan daha böyük məsuliyyət, strateji düşüncə və uzaqgörən idarəetmə tələb edən yeni bir mərhələyə daxil edib.

Qələbədən sonrakı mərhələ iqtisadi inkişaf strategiyasının yeni istiqamətlərini müəyyənləşdirir.

Müharibədən zərər çəkmiş bölgələrin bərpası, infrastrukturun qurulması və insanların doğma torpaqlara qayıdışı bu strategiyanın əsas məqsədləridir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı bu siyasətin parlaq nümunəsidir.

Yeni sənaye zonalarının, məktəblərin, xəstəxanaların, yolların və enerji obyektlərinin inşası təkcə iqtisadi canlanma deyil, həm də sosial ədalətin və bərabər imkanların bərpası deməkdir.

Beləliklə, qələbədən sonrakı iqtisadi fəaliyyət təkcə bərpa deyil, həm də gələcəyə yönəlmiş, dayanıqlı inkişaf modelinin qurulması məqsədi daşıyır",- deyə Y. Hacıyeva vurğulayıb.

Politoloq qeyd edib ki, Qələbə, eyni zamanda, cəmiyyətin mənəvi və humanitar həyatında dönüş nöqtəsidir. Müharibədən sonra yaranan əsas vəzifə, xalqın psixoloji və mənəvi birliyinin qorunması, gənc nəsildə vətənpərvərlik və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsidir.

Azad edilmiş torpaqlarda məktəblərin, mədəniyyət ocaqlarının, muzeylərin və abidələrin bərpası, tarixi yaddaşın dirçəldilməsi milli kimliyin möhkəmlənməsi və dövlətçilik ənənələrinin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Qələbədən sonrakı dövr artıq hərbi səfərbərlik dövrü deyil, mənəvi səfərbərlik dövrü, sülhün, quruculuğun və milli birliyin möhkəmləndirilməsi mərhələsidir.

Əgər müharibə xalqın cəsarətini nümayiş etdirdisə, sülh və quruculuq dövrü onun müdrikliyini sübut edir. Qələbənin davamı olan bu yeni mərhələ, həm siyasi sabitliyin, həm iqtisadi tərəqqinin, həm də humanitar dəyərlərin bərpasını təmin etməklə, Azərbaycanın qalib xalq və qalib dövlət kimi inkişafını möhkəmləndirir.

Qələbədən doğan məsuliyyət, bu qələbəni əbədi dəyərlərə çevirmək və gələcək nəsillərə sülh, rifah və milli qürur içində yaşamaq imkanı yaratmaq deməkdir.

Prezident İlham Əliyevin “Qələbə — son deyil, yeni mərhələnin başlanğıcıdır” fikri, müasir Azərbaycan dövlətçiliyinin əsas fəlsəfəsini əks etdirir. Dövlətimizin başçısının bu fikirlərində Qələbə tarixi sonluq deyil, əksinə, milli inkişafın yeni dövrünün başlanğıcı kimi təsvir olunur.

Bu, müasir Azərbaycan dövlətçiliyinin fəlsəfəsini ifadə edir: qalib gəlmək qədər, sülh dövründə qurmaq və qorumaq da qəhrəmanlıq tələb edir",- politoloq bildirib.

Chosen
46
1
azertag.az

2Sources