Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz dərman gətirilməsinin qarşısını alıblar. AzPost xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsi tərəfindən verilib.
Məlumata görə, İstanbul–Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus əşyalar Gəncə Beynəlxalq Aeroportunun gəliş zalında rentgen aparatından keçirilib və monitorda şübhəli əşyalar müəyyən edilib.
Yoxlama zamanı vətəndaşa aid çantadan əvvəldən gömrük nəzarətinə təqdim olunmayan, həmçinin şifahi, elektron və ya yazılı formada bəyan edilməyən dərmanlar aşkarlanıb. Məhsullar şirniyyat qutularının içərisinə xüsusi üsulla gizlədilmişdi. Ümumilikdə 645 konvolyut “Lioresal” markalı dərman preparatı, hər konvolyutda 10 həb olmaqla, tapılıb.
Gömrük əməkdaşları bildiriblər ki, bu cür halların qarşısının alınması üçün yoxlamalar davam etdiriləcək.