EN

Şahbuz rayonunda şəhid İman Alməmmədovun xatirəsinə anım tədbiri keçirilib

Şahbuz rayonunun Kolanı kəndində Vətən müharibəsi şəhidi İman Alməmmədovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhidin ailə üzvləri, digər şəhidlərin valideynləri, qazilər, kənd ictimaiyyəti və məktəblilər iştirak ediblər.

Əvvəlcə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidin məzarı ziyarət edilərək gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidin keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan və vətənpərvərlik nümunəsindən danışıblar. Qeyd olunub ki, İman Alməmmədov 17 may 1999-cu ildə Şahbuz rayonunun Kolanı kəndində anadan olub. O, orta təhsilini Kolanı kənd və Babək rayonunun Vayxır kənd məktəblərində alıb. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarında xidmətini davam etdirib.

Şəhid İman Alməmmədov 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” medalı, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Vətənə xidmətlərə görə” ordeni ilə təltif edilib.

Tədbirdə çıxış edən şəhid ailələri və qazilər şəhidimizin Vətən qarşısında göstərdiyi qəhrəmanlıqdan qürurla söz açıblar, gənclərin onun kimi vətənpərvər, cəsur və fədakar böyüməsinin vacibliyini vurğulayıblar.

Məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik ruhunda şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

Tədbirin sonunda iştirakçılar şəhidin ailəsinə bir daha dərin ehtiramlarını ifadə edib, Vətən uğrunda canından keçən bütün qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

Bəxtiyar ƏLİYEV

"Naxçıvan şəhid Ailələri İctimai" Birliyinin mətbuat katibi



Chosen
29
herbiand.az

1Sources