EN

Qarsdan Naxçıvana dəmir yolu layihəsinin icrası davam etdirilir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qars, 11 noyabr, AZƏRTAC

Türkiyənin şərqində Orta Dəhlizin mühüm halqasına çevriləcək Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin (Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir) fəal şəkildə həyata keçirilməsi davam etdirilir.

AZƏRTAC-ın müxbiri 223,6 kilometrlik ikixətli dəmir yolu layihəsinin gedişatı ilə tanış olmaq üçün Qars və İğdır əyalətlərinə səfər edib.

Hazırda layihə üçün bölgədə iki böyük tikinti sahəsi yaradılır: İğdır vilayətinin Suveren rayonunda və Qarsdakı Diqorda. Bundan başqa, daha dörd kiçik ölçüdə tikinti sahəsinin də işə salınması planlaşdırılır.

Yolun salınması üçün relslər Qars vilayətinə daşınır, burada böyük texniki baza yaradılıb. Ümumilikdə, hər biri 36 metr uzunluğunda ən azı 60 min ton relsin Türkiyənin şərqinə çatdırılması planlaşdırılır.

Qars ilə Naxçıvan arasında çəkiləcək dəmir yollarının ümumi uzunluğu 1 milyon metrə çatacaq.

Bu günə qədər layihədə iştirak edən işçi və mühəndislərin sayı 500-ə çatıb, tikintinin pik nöqtəsində isə bu rəqəm 1500 təşkil edəcək.

Yeni dəmir yolu marşrutunda ümumi uzunluğu 11,5 km olan beş tunel qazılacaq, 50 metr hündürlüyündə bir neçə viaduk tikiləcək, eləcə də 20-dən çox yerüstü keçid inşa ediləcək.

Layihə üçün xüsusi olaraq beton zavodu işə salınacaq, xammal Türkiyənin özündən tədarük ediləcək.

Bütövlükdə, Qarsdan Naxçıvan sərhədinə qədər yol boyunca bir neçə dəmir yolu stansiyası açılacaq: Diqora, Tuzluc, İğdır, Aralık və Dilucu.

Dəmir yolu elektrikləşdiriləcək, bunun üçün marşrut boyunca altı böyük transformator yerləşdiriləcək.

Qarsa gedən qatarların sürəti saatda 160 km-ə qədər çatacaq.

Araz çayı üzərindəki dəmir yolu körpüsünün “Kalyon” və “Cengiz inşaat” şirkətlərinin birgə səyləri ilə inşa edilməsi planlaşdırılır.

Dəmir yolunun 2029-cu ilin sonlarında istismara verilməsi planlaşdırılır.

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, yeni dəmir yolu ildə 5,5 milyon sərnişin və 15 milyon ton yükün daşınmasına imkan verəcək.

Nəqliyyat Nazirliyi həmçinin Qarsdan muxtar respublikaya dəmir yolunun əhəmiyyətini vurğulayıb, onun Zəngəzur dəhlizinin açılışından sonra daha da artacağı gözlənilir.

Türkiyə Maliyyə Nazirliyi bundan əvvəl bu vacib infrastruktur layihəsinin həyata keçirilməsi üçün 2,4 milyard avro xarici kreditin ayrılmasını razılaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
6
azertag.az

7Sources