Nottingem Universitetinin Bioloji Elmlər Məktəbinin tədqiqatçıları Kanzas Universitetinin həmkarları ilə birlikdə müəyyən ediblər ki, torpaq mikroblarının populyasiyası “ekoloji yaddaş”a, yəni keçmiş iqlim şəraitinin izlərini qorumaq və onları bitkilərin yeni streslərə uyğunlaşması üçün istifadə etmək qabiliyyətinə malikdir.
AzEdu.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Microbiology” jurnalında dərc olunub.
İqlim dəyişikliyi səbəbindən quraqlıqlar getdikcə daha dağıdıcı hal alır, bu isə kənd təsərrüfatı və təbii ekosistemlər üçün təhlükə yaradır. Alimlər uzunmüddətli yağıntı fərqlərinin torpaq mikroorqanizmlərinin tərkibinə və bunun nəticəsində bitkilərdə nəmlik çatışmazlığına davamlılığına necə təsir etdiyini müəyyənləşdirmək qərarına gəliblər.
Bunun üçün onlar yağıntı miqdarı əhəmiyyətli dərəcədə fərqlənən Kanzasdakı altı çəmənlikdən torpaq nümunələrini təhlil ediblər. Məlum olub ki, daha quraq bölgələrdən olan mikroblar yerli çəmən otlarının quraqlığa davamlılığını artırmağa kömək edib, lakin bu təsir qarğıdalıda müşahidə olunmayıb.
“Torpaqdakı mikrob populyasiyası mühitin dəyişikliklərinə sürətlə uyğunlaşmaq və bitkilərə quraqlıqdan yaranan streslə mübarizədə kömək etmək qabiliyyətinə malikdir. Daha da maraqlısı odur ki, onlar keçmiş şəraitləri “xatırlaya” bilirlər ki, bu hadisə də ekoloji yaddaş kimi tanınır. Belə mikrob irslərini anlamaq daha dayanıqlı kənd təsərrüfatı sistemlərinin yaradılmasına və ekosistemləri gələcək iqlim sarsıntılarından qorumağa imkan verəcək”, - deyə tədqiqatın rəhbəri doktor Qabriel Kastrilyo izah edib.
Müəlliflərin sözlərinə görə, mikrob yaddaşının öyrənilməsi qlobal istiləşmə və yağıntı səviyyəsinin azalması şəraitində yaşaya bilən iqlimədavamlı bitki sortlarının hazırlanmasının açarı ola bilər.