2025-ci ilin dekabr ayına aid qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 050 dollar həddini keçib. Bu isə son illərin rekord göstəricilərindən biri kimi qiymətləndirilir. Bəs, 2026-cı ilə qədər qızıl 4 500 dollar və ya 5 000 dollar həddini keçə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, qızılın qiymət artımı dünyadakı qeyri-müəyyənliklərlə birbaşa bağlıdır:

“Qızılın qiyməti qeyri-müəyyənlikdən, riskdən qidalanır. Risklər artdıqca – istər dünya iqtisadiyyatında, istər siyasətdə, istərsə də hərbi arenada qızıl bahalaşır. Çünki qızıl sığorta alətidir.”
Ekspertin sözlərinə görə, yaxın zamanda qızılın ucuzlaşacağı gözlənilmir, lakin artım tempi nisbətən zəifləyir:
“Son bir ildə qızılın qiyməti daha sürətlə artdı. Amma gələn il bu artım bir qədər yavaş ola bilər. Buna baxmayaraq, müxtəlif beynəlxalq təşkilatlar 2026-cı ilə qədər qızılın 4 500, hətta 5 000 dollar həddinə çatacağı ilə bağlı proqnozlar irəli sürürlər.”
Xalid Kərimli qeyd edib ki, qlobal gərginliklər davam etdiyi müddətcə qızılın qiymətində bahalaşma tendensiyası da davam edəcək.
Aynurə İsmayıl
KONKRET.az