EN

Qara Qarayev adına Moskva Musiqi Məktəbi “Konsonans” festivalı keçirir

Moskva, 11 noyabr, AZƏRTAC

Noyabrın 15-də Moskvada Qara Qarayev adına Musiqi Məktəbi tərəfindən “Konsonans” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə musiqi məktəblərinin və incəsənət məktəblərinin yuxarı sinif şagirdləri, eləcə də orta və ali musiqi təhsili müəssisələrinin tələbələri iştirak edəcəklər. Proqramda müxtəlif alətlərdə ifaçılar, vokalçılar və on nəfərə qədər kamera instrumental ansamblları çıxış edəcəklər.

Yaradıcılığı simfonik və kamera əsərlərindən tutmuş teatr tamaşaları və filmlər üçün musiqiyədək bütün əsas musiqi janrlarını əhatə edən görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərinə xüsusi diqqət yetiriləcək.

Festivalın məqsədi mədəni əlaqələri gücləndirmək, gənc ifaçıları dəstəkləmək və dünyaşöhrətli bəstəkarımızın musiqi irsini təbliğ etməkdir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
15
3
azertag.az

4Sources