EN

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) sədri, Moldova Respublikasının Uşaq Hüquqları üzrə Xalq Müdafiəçisi Vasile Koroi ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdə Səbinə Əliyeva Azərbaycanın Ombudsman təsisatı ilə Avropa Uşaq Ombudsmanları Şəbəkəsi arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Müvəkkil ölkədə uşaq hüquqları sahəsində mövcud vəziyyət, müxtəlif kateqoriyadan olan, o cümlədən müharibədən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi və həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib. Bununla yanaşı, son dövrlərdə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində normativ hüquqi aktlarda edilmiş müvafiq dəyişikliklər və aparılan institusional islahatlar nəticəsində Azərbaycan Ombudsman təsisatının ENOC-un tam üzvü seçilməsini əhəmiyyətini qeyd edib, ENOC-la əməkdaşlıq çərçivəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə təkliflərini səsləndirib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva Ombudsmanın müvafiq sahə üzrə mandatı, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupunun fəaliyyəti, bu istiqamətdə görülən işlər, irəli sürülən təkliflər və əldə edilmiş müsbət təcrübələr barədə ətraflı məlumat verib.

Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin sədri öz növbəsində səmimi qəbula görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib, mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ombudsman təsisatları səviyyəsində uşaq hüquqları sahəsində əməkdaşlığın daha gücləndirilməsinin vacibliyini qeyd edib.

Yekunda tərəflər qarşılıqlı fikir mübadiləsini yüksək qiymətləndirib, gələcəkdə insan hüquqları, xüsusilə uşaq hüquqları sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Chosen
14
8
azerbaijan-news.az

10Sources