“Neftçi”nin vingeri İmad Faraj Sportinfo.az-a müsahibə verib.
26 yaşlı fransız Azərbaycan derbisində komandasının “Qarabağ”a məğlub olduğu matçdan sonra (0:2) sualları cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsən?
- Fikrimcə, yaxşı oynadıq. Əlverişli qol imkanlarımız da oldu. “Qarabağ”ın gücünü nəzərə alsaq, pis müdafiə olunmadıq. Hakim təyin etdiyi penalti ilə oyunumuzu “öldürdü”. Hər ötən həftə “Neftçi” daha xoş təsir bağışlayır. Çünki zamanla bir-birimizi daha yaxşı tanıyırıq.
- “Qarabağ”ın qarşısını almaq üçün nə çatmadı?
- Hər şey qaydasında idi, bərabərsəviyyəli oyun gedirdi. Sadəcə, penalti bizi “öldürdü”. O qoldan sonra komandada ruh düşkünlüyü yaşandı.
- Qayda pozuntusu yox idi?
- Epizodu yaxından görmədim, bir az uzaqda idim. Lakin məşqçi dedi ki, penalti yox idi. Hakim də qərar verən anda çox tələsdi. Fitini çaldı, dərhal “nöqtə”ni göstərdi. Hətta VAR-a baxmağa ehtiyac duymadı. Halbuki bizim xeyrimizə 11 metrlik cərimə zərbəsi təyin edəndə az qala 10 dəqiqə baxırlar, incələyirlər. Bu dəfə birbaşa qərar verildi.
- Əsas rəqibə məğlubiyyət komandada psixoloji gərginlik yaratmayacaq ki?
- Xeyr, elə şey olmayacaq. “Qarabağ”ın gücünü bilirik. Belə bir rəqibə qarşı layiqli mübarizə apardıq, başa-baş futbol oynadıq. Get-gedə oyunumuz yaxşılaşır. Mövsümün əvvəli ilə müqayisədə kifayət qədər irəliləyiş hiss olunmaqdadır. Əksinə, psixoloji cəhətdən daha yaxşı olmalıyıq. Çünki son 3 matçda qalib gəlmişik. Mövsüm başlayandan 12 oyun keçirmişik və cəmi 2-də məğlub olmuşuq. Onlardan birində rəqib “Qarabağ” olub, həm də rəqib meydanında. Növbəti görüşlərdə daha yaxşı olacağıq.
HƏBİB