Türkiyəli seysmoloq Süleyman Pampal Egey dənizində, xüsusilə Krit və Rodos adaları ətrafında 7–8 bal gücündə zəlzələ baş vermə ehtimalının artdığını bildirib. Bu xəbər bölgədə yaşayanlar arasında narahatlıq yaradıb. Xüsusilə Türkiyədə tez-tez baş verən silkələnmələr zamanı binaların dağılması keyfiyyətsiz və seysmoloji şəraitə uyğun olmayan tikintinin nəticəsi kimi qiymətləndirilir.
Bəs, Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə zəlzələ riski varmı və binalar bu cür təbii hadisələrə qarşı nə dərəcədə davamlıdır?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, Egey dənizində baş verə biləcək zəlzələnin Azərbaycana ciddi təsir göstərəcəyi gözlənilmir:

“Egey dənizində olan hər hansı bir zəlzələnin nəticəsində Azərbaycanın ciddi təsir görəcəyini güman etmirəm. Məsafə çox uzaqdır. Ola bilər ki, çox zəif şəkildə hiss olunsun, amma fəsadların olmasına ehtimal yoxdur.”
Ekspert bildirib ki, 2018-ci ildən sonra inşa edilən binalar daha möhkəm və zəlzələyə davamlı şəkildə tikilir. Onun sözlərinə görə, son illərdə qəbul edilən normativlərə əsasən, Azərbaycanda tikilən binaların minimum istismar müddəti 100 il müəyyən olunub:
“Bu qərar tikinti materiallarının – armatur, sement, kərpic və digər inşaat vasitələrinin daha keyfiyyətli istifadə edilməsini təmin edir. Hər bina üçün xüsusi layihələr hazırlanır və bu, onların dayanıqlığını artırır.”
Anar Nəsirov qeyd edib ki, 2018-ci ildən əvvəl tikilmiş binaların təxminən 30 faizi qənaətbəxş vəziyyətdə deyil:
“Bəzi binalarda çökmə, keyfiyyətsiz materiallardan istifadə halları olub. Xüsusilə sovet dövründə tikilmiş yataqxanalar və köhnə çoxmərtəbəli binalar arasında qəzalı vəziyyətdə olanlar var. Onların təmir və yenidənqurma prosesi vacibdir.”
Ekspertin sözlərinə görə, Bakı və ətraf qəsəbələrdə istismar müddətini başa vurmuş binalar mövcuddur və bu, real risk yaradır:
“Zəlzələnin gücü 4–5 bal olsa belə, belə binalar üçün kifayət qədər təhlükə yarana bilər. Beton, daş və armatur zamanla keyfiyyətini itirir, buna görə də həmin binaların köçürülməsi və yenilənməsi vacibdir.”
Nəsirov vurğulayıb ki, yeni tikililər arasında məsuliyyətsiz yanaşan şirkətlər istisna olmaqla, hazırda inşa olunan binaların 96–98 faizi zəlzələyə davamlı hesab edilir.
“Bəzi istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binalar istisna olmaqla, digər binalarda ciddi dağıntı riski yoxdur. Zamanla sınaqdan çıxmış bu binalar hələ də etibarlıdır.”
Beləliklə, ekspertlərin qənaətinə görə, Egey dənizində mümkün güclü zəlzələnin Azərbaycana birbaşa təsiri gözlənilmir. Lakin ölkə daxilində köhnə və qəzalı binaların yenilənməsi vacib məsələlərdən biri olaraq qalır.
Aynurə İsmayıl