EN

“Əməliyyatdan əvvəl və sonra” fotoları qadağan edildi 

Almaniyada plastik cərrahiyyə ilə bağlı yeni və diqqətçəkən qərar qəbul edilib.

“Cebheinfo.az” xəbər verir ki, Frankfurt Əyalət Ali Məhkəməsi estetik əməliyyatlardan sonra çəkilən “əvvəl və sonra” fotolarının sosial şəbəkələrdə paylaşılmasını haqsız rəqabət kimi qiymətləndirərək bu cür paylaşımları qadağan edib. Qərar burun əməliyyatı ilə bağlı pasiyentin dəyişiklik fotolarının paylaşılmasına dair edilən şikayət əsasında qəbul olunub.

İlk mərhələdə yerli məhkəmə şikayəti rədd etsə də, iş Frankfurt Əyalət Ali Məhkəməsinə qədər gedib çıxıb. Ali məhkəmə estetik cərrahın pasiyentinin əməliyyatdan əvvəl və sonra çəkilmiş fotolarını sosial mediada paylaşmasını haqsız rəqabət sayaraq, belə görüntülərin dərcini qadağan edən qərar çıxarıb. Məhkəmənin əsaslandırılmış qərarına görə, Almaniya Səhiyyə Sektorunda Reklam qanununun müvafiq maddəsinə əsasən, plastik cərrahiyyə əməliyyatlarına dair reklamlar əməliyyatdan əvvəl və sonra bədənin vəziyyətini və ya görünüşünü müqayisəli şəkildə əks etdirə bilməz. Sənəddə qeyd olunur ki, tibbi zəruriliyi dəqiq müəyyən edilməmiş və sağlamlıq riski daşıyan bu tip əməliyyatlarla bağlı paylaşımlar insanların asanlıqla təsirlənərək lazımsız estetik əməliyyatlara meyl etməsinə səbəb ola bilər.

Məhkəmənin qərarında vurğulanıb ki, sosial mediada yayımlanan “əvvəl və sonra” fotoları izləyiciləri sağlamlıq riski daşıyan estetik müdaxilələrə təşviq edə bilər. Qadağanın məqsədi tibbi baxımdan vacib olmayan, lakin yanıltıcı reklamlar nəticəsində qərar verilən estetik əməliyyatların doğura biləcəyi sağlamlıq risklərindən insanları qorumaqdır. Məlumata görə, Frankfurt Əyalət Ali Məhkəməsinin bu qərarından apellyasiya şikayəti vermək mümkündür. 

Chosen
8
1
cebheinfo.az

2Sources