EN

Çinli astronavtlardan KƏŞF: İlk dəfə kosmosda ət bişirdilər - VİDEO

Çinin “Tianqong” orbital stansiyasında ilk dəfə mikroqravitasiya şəraitində ət yeməkləri hazırlanıb.

Bizim.Media xəbər verir ki, astronavtlar xüsusi olaraq kosmos üçün hazırlanmış mikrodalğalı sobada toyuq qanadları və steyklər bişiriblər. Bu barədə Space jurnalı məlumat yayıb.

Cihaz 31 oktyabrda “Şençjou-21” missiyasının ekipajı ilə birlikdə orbitə çatdırılıb.

Sobanın quraşdırılması qısa zamanda başa çatıb və altı astronavt onu sınaqdan keçirərək yer dadına ən yaxın isti yemək hazırlaya bilib. Alimlər bildirirlər ki, uzun müddət təcrid və stress şəraitində ekipajın sağlamlığı və psixoloji vəziyyəti üçün təzə, isti yemək çox böyük rol oynayır.

Çin Kosmik Agentliyinin ekspertləri deyirlər:

“Əsl yeməyin ətri və teksturası astronavtların əhvalını yüksəltməyə, hətta kosmosda belə özlərini evdəki kimi hiss etməyə kömək edir”.
 

Yeni texnologiya fritözə bənzəyir, lakin tüstüsüz işləmək və stansiyanın enerji sisteminə yük salmamaq üçün uyğunlaşdırılıb. Sobada temperatur 190°C-yə qədər çatır ki, bu da adi kosmik qızdırıcılardakı 100°C-dən xeyli yüksəkdir. Astronavtlar xüsusi qril torundan istifadə ediblər, bişirmə prosesi isə 28 dəqiqə çəkib. Mühəndislər vurğulayır ki, soba 500 istifadəyə hesablanıb və NASA-nın 2020-ci ildə ISS-də peçenye bişirmə təcrübəsinin davamıdır. O vaxt peçenye bişirmək təxminən iki saat çəkmişdi.


İndi “Tianqong” stansiyasında yalnız işləmək yox, həqiqi mənada axşam yeməyi yemək də mümkün olur. Mövcud ekipaj orbitdə altı ay qalacaq.

Kosmosda həyata keçirilən sözügedən prosesin video görüntülərini təqdim edirik:


Bizim.Media

Chosen
23
1
bizim.media

2Sources