Braziliya Qərbin sərt sanksiyaları fonunda Rusiyadan dizel yanacağının alışını minimuma endirib.
Musavat.com xəbər verir ki, məlumatı Financial Times qəzeti yayıb. Dünyanın ən böyük on neft istehsalçısından biri olmasına baxmayaraq, Braziliya emal gücünün olmaması səbəbindən dizel yanacağının təxminən üçdə birini idxal edir. Buna görə də Ukraynadakı işğalçı müharibədən sonra Avropa bazarını itirən Rusiya endirim təklif etdikdə, Braziliya ondan istifadə etməyə başladı.
2022-ci ildə Braziliyaya Rusiya dizel yanacağı idxalının dəyəri 95 milyon dollar təşkil edirdisə, 2024-cü ildə bu, 5,4 milyard dollara çatdı. ABŞ-ın Rusiyanın neft nəhəngləri Rosneft və Lukoyl-a qarşı sanksiya tətbiqindən sonra ölkə iqtisadiyyatına potensial təsir barədə narahatlıq yarandı.
2023-cü ildə Rusiya qiymət endirimi sayəsində ABŞ-ı geridə qoyaraq Braziliyaya ən böyük xarici dizel yanacağı tədarükçüsü oldu.
Lakin qiymət fərqi hazırda faktiki olaraq yoxdur və bu da Rusiyanın Braziliya bazarındakı payının azalmasına səbəb olur. İlin birinci yarısında bu rəqəm 60 faiz olsa da, oktyabr ayında 17 faizə qədər azalıb. Əvəzində ölkə əsasən ABŞ və Hindistandan, az miqdarda isə Səudiyyə Ərəbistanı və Omandan idxala keçib.
Nəşr yazır ki, burada daha bir səbəb Ukraynanın zərbələrindən sonra Rusiyada dizel yanacağı istehsalının azalması fonunda müharibənin ona olan tələbatı artırması nəticəsində ixracın düşməsidir.
Rusiya neft məhsullarını Baltik dənizi limanlarından Braziliyaya ixrac edir, buna görə də yeni sanksiyalar səbəbindən dizel tədarükü daha da çətinləşəcək.
Musavat.com