Ankara, 12 noyabr, AZƏRTAC
“Azərbaycan və Türkiyənin suveren hüquqlarını pozmağa, ölkələrimizi təhdid etməyə və ya iki qardaş dövlətin tarixi və siyasi nailiyyətlərinə maneələr yaratmağa çalışan qüvvələrin hiylələri uğursuzluğa məhkumdur”.
AZƏRTAC xəbər verir ki, bu barədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Ankarada MHP parlament fraksiyasının iclasında çıxış edərkən bildirib.
O, Ankara ilə Bakı arasındakı əlaqələrin möhkəm və sarsılmaz olduğunu, əməkdaşlığın isə “Bir millət, iki dövlət” kəlamını əks etdirdiyini vurğulayıb.
D.Bahçeli “türk dövrünün iki parlayan ulduzu”nun dövrümüzün çağırışlarına qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcəyinə əminliyini bildirdi.
“Türkiyə ilə Azərbaycan arasındakı milli, tarixi, mədəni və strateji tərəfdaşlıq müəyyən dairələrdə narahatlıq doğurur. Biz bunu görürük və bu cür təşəbbüslərin arxasında kimin dayandığını dərk edirik”, - deyə MHP rəhbəri bildirib. O, vurğulayıb ki, Ankara ilə Bakı arasındakı dostluq münasibətlərinə xələl gətirmək cəhdləri iki ölkənin düşmənləri üçün nəticə verməyəcək.
Bahçeli deyib ki, Türk xalqları yeni inkişaf mərhələsinin astanasındadır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara