BAKI, 12 noyabr. TELEQRAF
Türkiyənin hərbi təyyarəsinin qəzası ilə bağlı ekspertlər ilkin şübhələrini açıqlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə müzakirələr "Haber Global" youtube kanalında yayımlanıb.
Kanalın xəbər müdiri Özgür Feyz qəzanın səbəbləri ilə bağlı beş əsas ehtimalı diqqətə çatdırıb. Onun sözlərinə görə, ilkin şübhələrdən biri metal yorğunluğudur.
"Birinci şübhə metal yorğunluğudur. Əlbəttə, bu o demək deyil ki, bu təyyarələr baxımsız idi, heç nə edilməmişdi. Bu uzun illər istifadə olunan bir quruluşdur. Havanın ani temperatur dəyişiklikləri və zamanla yaranan istifadə səbəbi ilə bəzi problemlər ortaya çıxa bilər. Amma metal yorğunluğu ehtimalını çox mümkün hesab etmirəm", - ekspert vurğulayıb.
Özgür Feyzçox ehtimal olunan səbəb kimi təyyarə içindəki yüklərin yerindən oynamasını göstərir.
"Təyyarənin içərisinə qoyduğumuz ehtiyat hissələrdən biri bağlandığı yerdən hərəkət etmiş və ya qopmuş halda təyyarəyə içəridən zərər vermiş ola bilər. Bu ehtimal metal yorğunluğundan daha mümkündür", - Feyz bildirib.
Həmçinin o düşünür ki, pərvanənin qopması da qəzaya səbəb ola bilər. Onun sözlərinə görə, daha əvvəl də "C130"larda belə problemlər yaşanıb.
Bundan əlavə sosial mediada və mütəxəssislərin müzakirələrində kabinədə ani basınc dəyişməsi və uçuş sistemləri problemləri kimi məsələlər də ön plana çıxıb.
Özgür Feyz qeyd edib ki, bütün bu ehtimallar ilkin təxminlərdir və hadisənin dəqiq səbəbləri qara qutuların tapılmasından sonra müəyyənləşəcək.