EN

Türkiyə hərbi təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı ilkin VERSİYALAR

Noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 20 hərbçi, eləcə də heyət üzvlərinin hamısı həlak olub.

Qəzadan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla hökumət üzvləri Türkiyənin rəhbər şəxslərinə başsağlığı verib, hadisə ilə bağlı köməklik göstərməyə hazır olduqlarını bəyan ediblər. Gürcüstanda qəza ilə bağlı cinayət işi açılıb, hadisə yeri mühafizəyə alınıb. Türkiyəli rəsmilər isə hazırda qəza ilə bağlı araşdırma aparır.

Bütün xəbərlər ictimaiyyətə vaxtında və ətraflı çatdırılsa da, sosial şəbəkələrdə hər zaman olduğu kimi, həqiqətə uyğun olmayan fərqli fikirlər səsləndirilir. Təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar davam etsə də, hələlik hadisənin iki mümkün versiyası nəzərdən keçirilir.

İlkin versiya ondan ibarətdir ki, təyyarə uzun müddət istismar olunur və sonuncu dəfə beş il əvvəl, 2020-ci ildə əsaslı təmirdən çıxıb. Məlumdur ki, korroziya nəticəsində təyyarənin gövdəsində deşilmə baş verə bilər. Qeyd edək, 2015-ci ilə Əfqanıstanın Cəlalabad şəhərində "C-130" təyyarəsi hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğramışdı.

Ümumiyyətlə, indiyədək müxtəlif səbəblərdən bu təyyarələrin 20-yə yaxın qəzası qeydə alınıb. Bu qəzalardan ikisi, 1968 və 1982-cü illərdə Türkiyə ərazisində baş verib. 1968-ci ildə Manisa yaxınlığında "C-130" eniş zamanı qəzaya uğrayıb.

Qəzanın ikinci versiyası isə ondan ibarətdir ki, yüklər lazımi qaydada bərkidilmədiyi üçün uçuş zamanı onlar yer dəyişməyə başlayıb. Tərpənən yük gövdənin daxili səthlərinə çırpılaraq onun zədələnməsinə və nəticədə konstruksiyanın bütövlüyünün pozulmasına səbəb ola bilər.

Hər bir halda təyyarənin qəzaya uğramasında xarici müdaxilənin olmaması aydın olur. Belə ki, ötən il Qazaxıstanda qəzaya uğramış AZAL təyyarəsinin gövdəsində mərmi izləri görünsə də, "C-130" təyyarəsində bu cür izlər aşkarlanmayıb.

Qeyd etmək lazımdır ki, təyyarə uçuşdan əvvəl Gəncə hava limanında cəmi iki saat gözləmədə olub. Bu müddət ərzində hər hansı kənar müdaxilə və ya təyyarəyə yaxınlaşma halı qeydə alınmayıb. Təyyarənin sərnişinləri isə noyabrın 8-də hərbi paradda iştirak edən "F-16" təyyarələrinə texniki xidmət göstərən personal olub. Onlar da təhlükəsizlik prosedurlarından keçdikdən sonra təyyarəyə daxil olublar.

Həmçinin, təyyarə yük olaraq "F-16"ların mexaniki ehtiyat hissələrini daşıyırdı və heç bir partlayıcı maddə göyərtədə olmayıb.

Hazırda qəza ilə bağlı araşdırma, eləcə də axtarış işləri davam etdirilir. Təyyarə düzənlik əraziyə düşdüyü üçün qara qutuların tapılması çətin olmayacaq. Bu səbəbdən tam əminliklə demək olar ki, yaxın zamanda bütün detallara aydınlıq gətiriləcək.

İstintaq Gürcüstan və Türkiyə tərəfindən aparılır, Azərbaycan isə qardaş Türkiyəyə ilk andan tam dəstək göstərir.

Chosen
12
far.az

1Sources