EN

UÇMAQ HAQQI OLMAYAN DURNALAR Rafael Hüseynov yazır

525.az saytına istinadən ain.az xəbər verir.

Rafael HÜSEYNOVAkademik

Bəlkə də Qubada, o Möhüc kəndindəki hələ həyatda olan hansısa ağsaqqalların, ağbirçəklərin - 1930-cu illərin sonlarının, 1940-cı illərin əvvəllərinin uşaqlarının - nə əvvəl, nə sonra gördükləri ədəbiyyat müəllimlərinin heç birinə bənzəməyən, dərsindən doyulmaz, Sibirin dəhşətlərini dadıb gəlmiş, yenə də çox keçmədən elə gəldiyi yerə də qaytarılan Cəfər müəllim yadındadır.

Yediyi bütün vaxt zərbələrinə baxmayaraq, əsla ruhdan düşməmişdi, əksinə, bəlkə həvəsi daha da artmışdı, Möhüc kənd məktəbində şövqlə dərslərini deyirdi, bununla da ürəyi soyumurdu, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə də ərizə göndərmişdi, 1940-42-ci illərdə oranı da qiyabi yolla oxuyub başa vurdu. Ümid bəsləyirdi ki, çox keçməz, Bakıya qayıdar, ədəbi mühitlə qaynayıb-qarışar, təzədən ədəbi fəaliyyətini dirçəldər. Ancaq sən saydığını say, gör şura hökuməti nə sayır.

1942-ci ilin 10 oktyabrında Cəfər İsmayılzadəni gecənin şirin yuxusundan kirələdiyi komanın yanında dayanan maşının səsinə hürüşən itlər oyadır. Yenə ardınca gəlmişdilər.

Qubanın Möhüc kəndi ucqar bir yer idi. Cəfər Rəmzinin də oradakı günləri səhər tezdən məktəbə gedib axşamacan dərslərini demək, evə qayıdandan sonra da kimsəylə oturub-durmadan sabahkı dərslərə hazırlaşaraq yuxuya getməkdən ibarət idi. İlan vuran ala çatıdan hürkər - qorxusundan yazı-pozuyla da məşğul olmurdu ki, onu dübarə ilişdirməkdən ötrü yapışmağa yer olmasın. Ancaq dovşanı araba ilə tutan, 1937-38-ci illərin siyasi repressiya tüğyanlarında bir az da qartlaşmış şura hökumətinin əlində bir insanı ittiham etməkçün səbəblər tapmaq su içmək kimi asan idi.

Cəfər İsmayılzadəni təzədən "NKVD" zindanına atmışdılar və ittiham edirdilər ki, sən Möhüc kəndində əhali arasında antisovet təbliğat aparmısan. Günahlandırırdılar ki, 1941-ci ildə faşist Almaniyası Sovet İttifaqının üzərinə hücum edəndən sonra sən əhali arasında danışırsanmış ki, almanlar gəlib buranı tutsalar, biz ağ günə çıxacağıq.

Ha and-aman edirdi ki, böhtandır, bircə nəfər gətirin, təsdiq eləsin ki, o sözləri mən demişəm. Sadədil bir insan idi. Lazım olsa, bir yox, onlarla adam gətirə bilərdilər.

Və hamısı da qırmızı-qırmızı üzünə durar, birinin üstünə beşini də qoyaraq təsdiq edərdilər ki, həmin sözləri Cəfər İsmayılzadənin dilindən bir kərə deyil, dəfələrlə eşidiblər.

Qondarma şahidlər tapmaq, qəlp ittihamlar uydurmaq ovaxtkı (bir qədər dəyişik şəkildə elə həm də sonrakı) sovet cəza orqanlarının gündəlik işi idi.

1942-ci ilin 11 oktyabrında artıq Keşlə həbsxanasında gecələyən Cəfər İsmayılzadə bir neçə günlük dindirmələrdən sonra Krasnovodska yola salınır - oradan Daşkəndə, oradan Alma-Ataya (indi Almatı), oradan da Novosibirskə. Ona bu dəfə 15 il iş kəsmişdilər. Bu isə təxminən yoxluğa göndərilməyə bərabərdi.

Cəfər müəllim onillər sonra etiraf edirdi ki, artıq Bakıdan çıxarkən ölümə getdiyini, bir daha vətənə qayıda bilməyəcəyini gözünün altına alıbmış.

Gedib çatır şəraiti Komidən də sərt olan, illərlə sözün bütün mənalarında dustağı və əsiri olacağı o ucqar məkana.

Yazı-pozusundan, müəllimliyindən əlavə Cəfər Rəmzi arxada qalan illərdə fotoqraflıq sənətinə də yiyələnmişdi. Sürgün həyatı yaşayırdı, hər günü ağır qul əməyinə bərabərdi. Yarıac-yarıtox güzəran keçirirdi, ancaq tədricən fotoqraflıq  həyatında müəyyən nizam yaranmasına dayaq durur. Həbs düşərgəsinin nəzarətçiləri də elə yaxınlıqdakı evlərdə yaşayırdılar. Onların ailələrində ad günləri də qeyd edilirdi, hansısa bayramlar da. Belə olanda həmişə Cəfəri də dəvət edərdilər.

Gəlirdi, onların şəkillərini çəkirdi, ertəsi gün fotoları aşkarlayırdı, seçərək ən yaxşılarını çap edib gətirirdi və əvəzində pul-para vermirdilər. Amma düşərgədəki şəraiti müəyyən qədər babatlaşırdı, onunla başqa sürgünlülərə nisbətən mülayim davranırdılar, əsas qazancısa bu olurdu ki, hər şəhərə yolları düşüb qayıdanda ara-sıra foto kağızı, aşkarlayıcı, bərkidici məhlullar alıb gətirirdilər. Bunu, təbii, özləri üçün edirdilər ki, ehtiyac duyanda şəkillər çəkdirib-çıxartdırmaqda sıxıntıları olmasın. Amma Cəfər də əlinə təbərrük kimi düşən foto sursatını qənaətlə sərf edirdi ki, həmişə "qara gün" üçün ehtiyatı qalsın.

Cəfər Rəmzi sonralar söyləyirdi ki, orada bir akademiyanı keçib gəlmiş kimi oldum, hər növ insanla rastlaşdım. Qaçağından-quldurundan, başkəsənindən-əzazilindən tutmuş ən böyük alimlərinə, ən mötəbər ziyalılarınacan.

Cəfər İsmayılzadənin 21 il 2 ay sürən bu həbs, sürgün həyatından sonra vətənə qayıdaraq yaradıcılığa başladığı müddətdə nəşr etdirdiyi bir yığın kitabın sırasında "Gəlin birlikdə gülək" adlı balaca toplu da var. Ora dünya xalqlarının gülməcələrini, məzəli söhbətlərini cəmləyib. Ümumən iti söz, şuxluq, hazırcavablıq, zarafatcıllıq bu insana çox xas idi. Həyatın o təhər ağır iztirabları onu sındıra bilməmişdi. Mehribanlığı, həlimliyi həmişə qalırdı. Sifətinin təbəssümü də əskik olmazdı. Ömrünün faciəli əyyamlarından keçmiş ən qəmli hadisələri də bir çimdik duz qataraq elə məzə ilə nağıl edərdi ki, mahiyyətcə kədərlə dolu olan əhvalatların da qüssə yükü azalardı, ən qəmgin məzmunlarda da dodaqqaçıran nəsə işarardı.

Deyirdi ki, Sibirdə müxtəlif vaxtlarda qalstuka görə tutulmuş iki nəfərlə rastlaşıb.

Və başlayırdı onların hekayəsini danışmağa ki, qalstuka görə "ASA" (ASA - antisovet agitasiyası - antisovet təbliğat) maddəsi ilə həbs olunaraq 8-10 ilədək iş almış iki nəfərdən biri moskvalı görkəmli alim, digəri ovaxtkı Leninqraddan, indiki Sankt-Peterburqdan olan görkəmli rəssam idi. Birini qalstuku çox bəyənib istifadə etdiyi üçün, digərini isə qalstuka biganə baxdığına görə həbs etmişdilər. Cəfər İsmayılzadə bu şəxslərlə büsbütün fərqli vaxtlarda rastlaşmışdı və özü də təəccüblənirdi ki, necə olur Allah belə söhbətləri elə mənim qarşıma çıxarır. Hər iki hekayəti elə can yiyələrinin özlərindən eşitmişdi. Həmin leninqradlı rəssam danışırmış ki, mən azad sənətkaram, sənətdə olduğu kimi, elə geyimdə də sərbəst, təmtəraqsız üslubu xoşlayıram. Günlərin birində dostlarla yeməkxanada oturub pivə içirdik. Söz sözü çəkdi, söylədim ki, hər gün qalstuk bağlayan adamları anlaya bilmirəm. Çünki gündəlik belə əhəmiyyətsiz işə vaxt sərf etmək bekar adamların işidir. Təsəvvür edin ki, hər səhər qalstuku seçmək, boynuna dolamaq, düyünləmək, sonra bir xeyli o düyünü oyan-buyan edib sahmanlamaq nə qədər bihudə zaman aparır. Ağlı başında olan, vaxtına hörmət edən adam o işlə məşğul olmaz. Bax, mən ömrümdə qalstuk taxmamışam, taxmayacağam da, bunun narahatlığını da heç hiss eləmirəm.

Gecə bu kişinin ardınca gəlib basırlar dustaq maşınına, aparırlar aparılmalı yerə. Çəkirlər məhşər ayağına ki, bu gün günorta çağı, saat filan-filan dəqiqədə, filan yeməkxanada, camaat arasında Leninin əleyhinə danışmısan.

Rəssam heyrətə düşür, dərhal etiraz edir ki, şərdir, mən ömrümdə o cür sözü dilimə gətirməmişəm, gətirmərəm də. Lenin hara, mən hara? Onun adı bu günlərdə heç dilimə gəlməyib.

Çımxırırlar ki, özünü bicliyə vurma. Necə yəni rəhbərin adı dilinə gəlməyib? Oturmusan sənə oxşayan alkoqolik yoldaşlarınla, içib keflənəndən sonra iç üzünü açmısan, demisən ki, qalstuklular avara, işi-gücü olmayan, mənasız yerə vaxt itirən gicbəsər adamlardır.

Qayıdır ki, bəli, ona oxşar sözlər demişəm, ancaq Lenin adını tutmamışam. Üstünə bağırırlar ki, yaxşı oldu özün etiraf etdin, onsuz da ifşa olunacağını hiss edərək hər şeyi boynuna aldın. Üstüörtülü şəkildə proletariatın dahi rəhbərinə sataşmaq daha necə olmalıdır ki! Vladimir İliç həmişə kostyumda gəzər, səliqə ilə geyinər, qalstuk taxarmış. Çünki qalstuka səliqə-sahman, məxsusi mədəniyyət əlaməti kimi baxırmış. Sən bu gün o yeməkxanada antisovet element, xarici kəşfiyyata qulluq edən casus olaraq qalstuk haqqında söhbəti təsadüfən açmamısan, dolayısı ilə Lenini vurursan, "avara" deyib ona sataşmaq istəyirsən. Sənin kimi "xalq düşmənləri"nin yeri Sibirdir.

Vədlərinə əməl etmişdilər, kişiyə 10 il iş verib göndərmişdilər Sibirə. Üstündən bir müddət keçəndən sonra isə Cəfər İsmayılzadə artıq qalstuk taxmağı sevdiyinə görə həbs olunan başqa bir adamla tuş düşmüşdü. O da məşhur alim, Moskva Universitetinin professoru imiş. Çoxlu tələbələri, yetişdirdiyi alimlər varmış - sanballı bir insan.

Cəfər müəllim söyləyirdi ki, bir gün tayqada meşə doğradığımız vaxt arada dustaqlara bir neçə dəqiqəlik papiros fasiləsi vermişdilər, həmin moskvalı professor başına gətirilən müsibəti danışdı. Deyir, məşğələlərimdən birində aspirantlarımı yığmışdım, onlara elmi məsləhətlərimi verəndən sonra bunu da tövsiyə etdim ki, savad-bilik öz yerində, çalışın yaxşı alimlər olun, elmdə irəli gedin, dərs deyin, seçilən müəllimlər olun, amma həmişə geyim-keciminizə də xüsusi fikir verin. Çünki geyim-kecim insanın şəxsiyyətini tamamlayan vacib əlamətdir. Məsələn, qalstukdan daim istifadə edin. Çünki qalstuk ziyalılıq, kübarlıq əlamətidir. Mədəni adam, səliqəli şəxs, özünə və ətrafa hörmət eləyən insan gərək həmişə səliqə ilə kostyum geyinsin və qalstuk taxsın.

Gecəylə bunun da ardınca gəlib alırlar caynaqlarına: "Stalinin əleyhinə danışmısan. Demisən ki, mədəniyyətsizdir, kübar deyil, şəxsiyyəti natamamdır. Sənin ellər atasına nifrətinin səbəbi nədir? Sən hansı qüvvələrin çaldığı ilə oynayırsan?!"

Ha etiraz etsə də ki, mən nəinki yoldaş Stalinin əleyhinə danışmışam, əksinə, onu çox sevirəm, dərslərimdə əsərlərindən sitat da gətirirəm, ona məhəbbətimi cavanlara da aşılayıram.

Söyürlər, döyürlər, işgəncə verirlər ki, həqiqəti boynuna al! Kişi nə qədər fikirləşsə də, tapa bilmir ki, Stalin barəsində harada, nə söyləyib.

Yadına salırlar ki, filan auditoriyada, filan saatda, aspirantın olan filankəslərin beynini doldurmağa çalışmısan ki, guya qalstuk mədəniyyət əlamətidir, ona biganə olanların mədəni səviyyəsi aşağıdır. Yaxşı, Stalin yoldaş qalstuk taxmır, demək istədiyin budurmu ki, dahi rəhbərimiz mədəniyyətsiz, səliqəsiz, kübarlıqdan uzaq  adamdır?

Dili tutulubmuş, bu əcaib məntiqin qarşısında aciz qalıbmış, bunun da belinə yenə həmin antisovet təbliğat maddəsi ilə 10 il şələləyərək yollayıblarmış  Sibirə. Dövr belə dövr imiş, siyasəti, həyatı absurdlar idarə edirmiş...

Və Cəfər Rəmzini həmin ləngərini itirən çaşbaş zəmanədə dürlü absurdların hamısından daha çox narahat edən bu olmuşdu ki, o, yazmaq imkanından məhrum edilibmiş.

Söyləyirdi ki, qələm-kağız yox idi, hamımızın da şəxsi işləri əllərindəydi. Bilirdilər kim vaxtilə yazı-pozu ilə məşğul olub, elm adamıdır, yazıçıdır. Belələrini xüsusi nəzarətdə saxlayırdılar ki, əllərinə qələm-kağız düşməsin; mən də şeirlər yazırdım. Daha doğrusu, şeirlər içərimdə doğulurdu. Ancaq onları kağıza köçürməyə ürək etmirdim. Hətta hərdən əlimə təsadüfən qələm-kağız yetişəndə də yazmağa cürətim olmurdu. Çünki şəkk-şübhə yox idi ki, məni kağız-qələmlə tutsaydılar, işimin üstünə iş artıracaqdılar. 15 il vermişdilər, cəzamı çəkirdim, haçansa bu müddətin bitəcəyinə xəfif ümid də vardı, lakin bu 15-in üstünə əlavə 10 il də artırılsaydı, demək, bütün həyatım Sibirdə çürüməli idi.

Ona görə də Cəfər Rəmzi şeirlərini ürəyində, düşüncəsində qoşurmuş və dönə-dönə təkrarlayırmış ki, hafizəsinə həkk olunsun.

Və ən əzablısı da odur ki, haçansa yaddaşındakı, hafizəsindəki o şeirləri kağıza köçürməyə imkanının olacağı bir günün yetişəcəyinə ümid də bəsləmirmiş. Söyləyirdi ki, məni Sibir illərində ən çox qüssələndirən bu idi ki, o şeirlər ürəyimdəcə, yaddaşımdaca ölüb gedəcək.

Cəfər İsmayılzadə bunu da yada salırdı ki, günlərin birində yenə ağır iş saatlarından sonra arada bizə verilmiş yarım saatlıq fasilədə oturmuşduq. Kimi öz aləminə qapılmışdı, həmişəki kimi qatmaqarışıq fikirlərin əlində idi, kimlərsə bir-birilə söhbətləşirdi, kimi maxorkasını bükürdü. Bu arada silahlı nəzarətçilərdən biri ucadan səsləndi ki, yoldaş Stalin vəfat edib. Bircə nəfər də yerindən tərpənmədi, bircə nəfər də qımıldanmadı. Bir çoxları elə dodaqaltı söydülər. Əvvəlki vaxtlar olsaydı, kimin ağzı nə idi mil durmayaydı! Dövr dəyişmişdi, insanlar başqalaşmışdı.

...Bu xəbər gəlincə, hər kəsin içərisində bir ümid yaranıbmış ki, bəlkə qapımız açıldı. Bu donuşluğu bitməyən, dirisinin də canlı meyit olduğu özü boyda insan məzarlığında - Sibirdə hər günü ölümlə göz-gözə keçirilən illərdən sonra insanların içərisindəki vahimə, qorxu hissi də sanki çoxdan ölübmüş.

Cəfər Rəmzi bunu da xatırlayırdı ki, o xəbər yayılandan sonra buradakıların  hər birinin ürəyində ümid şöləsi yanmağa başladı - deyəsən, işgəncələrin sonu lap yaxındadır. Elə həmin gündən etibarən tez-tez öz aralarında danışmağa başlayırlar ki, ola bilsin, tezliklə işlərimizə də yenidən baxılacaq, bizi də buradan azad edəcəklər. Hamı başlayıbmış Moskvaya elə bu xahişlə məktublar yollamağa...

Cəfər İsmayılzadə orada - Sibirdə ikən bir daha vətənə qayıda bilməyəcəyinə artıq daxilən əmin olduğundan ailə həyatı qurmuşdu, bir rus qadınla evlənmişdi. Üç övladı da dünyaya gəlmişdi - Nizami, Venera, Melodiya.

Artıq onunçün də ölüm zənginin əvəzinə həyat melodiyasının çalınacağı çağlar yetişmişdi. 1956-cı ildə tilsim qırılır. Çox qapılar açılır və Cəfər Rəmzi də ailəsini götürərək Sibirdən böyük ümidlərlə Bakıya qayıdır...

O, bu dili sevirdi, ömrü uzunu bu dilin eşqi ilə yaşayırdı. Zahirən guya burada qeyri-adi nə var ki! Ana dilimizdir, azərbaycancanı hamımız sevirik. Ancaq Cəfər Rəmzinin ana dilinə məhəbbəti bir başqa idi. Çünki o, çoxlarından, bəlkə də əksəriyyətimizdən fərqli olaraq, günlərin birində bu dili itirmək dəhşətini yaşamış, bunu köksündə ən çəkilməz dərd kimi daşımışdı. Həm də bir il, üç il, beş il yox, onillər boyu! Ona görə onun dilə məhəbbəti bu üzücü qorxunu yaşamamış bütün ətrafındakılara baxanda birə-beş çox idi. Əslində uşaqlığından - 8-9 yaşından, şeirlər yazmağa başlayandan bu dilin vurğunu idi. Ancaq yaşa dolduqca, şeir ömrünü doldurduqca dilə də, dilin hər bir sözünə də münasibəti dəyişmişdi.

Bu əhvalatı da özü danışırdı, ancaq bənzər hekayəti taleyi ona bənzəyən bir başqa insandan da eşitmişdim. Cəfər Rəmzi həbs düşərgələri, sürgünlər, Sibirlər görüb qayıtmış insan idi. Eyni aqibəti ondan illər sonra İsmixan Rəhimov da yaşamışdı. İkisindən də oxşar sarsıntılı əndişələr haqda etirafları eşitmişəm. Cəfər Rəmzi danışırdı ki, tale məni ağlıma gəlməyən elə yerlərə aparıb çıxarmışdı ki, sağımda-solumda bircə nəfər belə azərbaycanlı yox idi. Düşünürdüm ki, illərcə burada qalacam, kəlmə kəsəcək bir azərbaycanlı da yox, dil yadımdan çıxa bilər, içimdə dil ölə bilər.

Eyni duyğunun qorxusu ilə yaşamasını Cəfər müəllimdən xeyli sonra - artıq 1948-ci ildə həbs edilmiş, 25 il cəza almış və bütün bu müddətini vətəndən uzaqlarda keçirəcək vətən və dil aşiqi İsmixan Rəhimov da söyləyirdi.

Cəfər müəllim danışırdı ki, dili itirmək, yaxud dili yadırğamaq məndə elə bir həyəcan yaratmışdı ki, gecələr yatmazdan öncə mütləq öz-özümlə danışırdım. Ürəyimdə yox, ucadan danışırdım ki, sözlər dilimdə səslənsin, qulağımda eşidilsin, ta yadımdan çıxmasın. Deyirdi ki, başqa dustaqlarla bərabər məni də ağır işlər görməyə aparırdılar. Elə həmin işləri görə-görə də dodaqaltı danışırdım. Kənardan baxanların mənim haqqımda dediyi sözləri eşidirdim. Pıçıldaşırdılar ki, cavan oğlandır, yazığın başına hava gəlib.

Ətrafdakı dustaqlar, nisbətən yaşlı, təcrübəli adamlar bu gəncin düşdüyü şəraitə görə dəli olduğunu zənn edirmiş. Dəli olmağına dəli olmamışdı, ancaq hər halda elə bu havaydı. Dilin havasıydı, dilin eşqi idi ki, onu adi vəziyyətindən çıxartmışdı və bu hava, bu eşq, bu dil sevdası Cəfər Rəmzi ilə 90 ili aşan ömrünün bütün illəri boyunca ən əziz sirdaş qaldı.

...Bu, köhnə söhbətdir ki, dünyada nə qədər mal-dövlət, sərvət toplayırsan-topla, yenə əliboş gedəcəksən, özünlə apardığın bircə kəfən olacaq.

Cəfər Rəmzi vətəndən ayrılanda özü ilə kəfən aparmamışdı. Amma hər halda ölümə getdiyini düşündüyündən özü ilə bir dəsmal aparmışdı. Həmin dəsmal anasının yadigarı idi. Həmişə də o dəsmalı göz bəbəyi kimi qoruyurdu. Ancaq gedəndə dəsmalın içərisində bir ata yadigarını da aparmışdı. Cəfər dəsmalın içərisinə bir ovuc torpaq qoymuşdu.

Xatırlayırdı ki, Komidə olduğu, sonra Qazaxıstanda ömür keçirdiyi həbs düşərgələrindəki vəhşətli illərdə həmin dəsmalı içindəki torpaqla birgə həmişə içəri cibində, ürəyinin başında saxlayarmış. Elə yerdə idi ki, oradan qar, yağış əskik olmazdı. Bircə qorxusu ondan idi ki, bu dəsmal islanar, torpağa zədə dəyər.

Həyatının daimi buzlaqlar, kəsilməz şaxtalar mühitində keçən müdhiş günlərini yada salanda bir məqamı həmişə qəhərlə anırdı ki, günlərin birində bizi yenə meşə doğramağa aparmışdılar. Axşamüstü hamımız yorğun-arğın, ayaqlarımızı zorla çəkə-çəkə qayıdırdıq. Bir balaca çay vardı, onun üstündən keçəcəkdik. Körpü-filan yox idi. Elə iki ağacı bu taydan o taya atmışdılar. Həmin ağaclar körpünü əvəz edirdi. Biraddım-biraddım, ehmallıca keçirdik. Birdən sürüşüb düşdüm buz kimi suyun içərisinə. Təpədən-dırnağa islandım. Orada islanmaq elə ölümə bərabər idi. Çünki kəskin şaxtalı bir gün idi. Soyuq bir neçə dəqiqənin içərisində bütün geyim-kecimimi buz elədi. Dayanmağa, ocaq qalayıb isinməyə, paltarları qurutmağa nə imkan vardı, nə icazə. Yeganə çarə nə qədər yorğun olsaq da, addımları sürətləndirib yatacağımız yerə tez çatmaq idi. Bir müsibətlə özümüzü çatdırdıq mənzil başına. Ancaq paltarlarımı çıxaranda, əlimi qoltuq cibimə sarı uzadanda məni dəhşət bürüdü. Gördüm ki, həmişə ürəyimin başında saxladığım, içində Mərdəkan torpağı olan dəsmal da islanıb.

Xəstələnir, ertəsi gün qızdırması 40-a qalxır. Ancaq nə xəstələnməsinə baxan vardı, nə qızdırmasının qalxmasına bənd olan.

Deyirdi ki, sabahı gün yenə işə çıxarıldıq, dünən kəsdiyimiz ağacları meşənin içərisində qırağa daşımalıydıq və yenə içərisi vətən torpaqlı dəsmal mənimlə idi. Düzdür, daha torpaq deyildi, palçıqlaşmışdı, bərkimişdi. Gözlədim ki, bir az da qurusun, lap daşlaşsın. Sonra onu ehtiyatla əzdim, ovxaladım ki, yenə torpağa dönsün. Çünki palçıqlaşandan, daşlaşandan sonra ürəyimin üstündə sinəmi deşirdi.

 Arada Komidəki müddəti bitəndən sonra vətənə qayıdanda, sürgünlüyü burada bir başqa şəkildə davam edəndə, Bakıya gəlməsinə yasaq qoyulub Qubanın ucqar kəndinə sığındığı çağlarda da həmin dəsmaldan ayrılmamışdı - dəsmal həminki yerində, ürəyinin başında idi.

Sibirə növbəti 15 illik sürgünündə də palçığa dönüb quruyan, sonradan ovulub tozlaşan həmin bir ovuc vətən torpağı ana yadigarı dəsmalın içində ürəyinin başında idi.

Bir dəfə yenə ikilikdə oturmuşduq, Cəfər müəllim cibindən səliqəli xətti ilə yazdığı vərəqlərdən birini çıxartdı və şeir oxudu. O şeir elə torpaq haqqında idi. Sibirdən, artıq bəraətlər mövsümündə həbs düşərgələrindən canını qurtararaq vətənə qayıdan bir keçmiş məhbus haqqında. Şeiri oxudu və qayıtdı ki, "qoca" dediyim əslində mən özüməm.

Düzdür, qayıdanda ona qoca demək olmazdı. 1956-cı il idi, 51 yaşı vardı. Heç 51 yaşına oxşamayan qədər də gümrah, qıvraq görünürdü. Sibirin şaxtası-sazağı, orada çəkilən məşəqqətlər üst-üstə qalanaraq insanı nə qədər sıxsa da, sanki həm də ona əlavə güc, intəhasız dözüm verirmiş. 1970, 1980, 1990-cı illərdə Sibir sürgününü görmüş, tayqada onilləri keçmiş neçə sabiq məhbusla həmsöhbət olmuşam. Gedər-gəlməzdən salamat qurtarıb qayıdan o nəcib "xalq düşmənləri"nin əksəri 80-i adladı, bir çoxu 90 ildən də çox yaşadı. Sanki orada ötmüş ağır illər bu insanların hamısını içəridən səfərbər etmiş, varlıqlarındakı yaşamaq eşqini birə-on artırmışdı. Amma hər halda məndə elə o vaxtlar bu güman da yaranmışdı ki, məsələnin mənəvi tərəfi, daxilən toparlanıb qüvvətlənmək, mətinləşmək öz yerində, yəqin, bunun bir öyrənilməmiş tibbi səbəbi də var. Mümkündür, şiddətli Sibir soyuqları bədəndəki ömür qısaldan hansısa hüceyrələri öldürüb yox edirmiş ki, orada uzun illər qalıb qayıda bilənlər sonra uzunömürlü olurlarmış.

Cəfər müəllim indi yadıma düşən o şeiri 1956-cı ildə yazmışdı - bir məhbus artıq azad edilərək vətənə qayıdır. Vətən torpağına çatınca ilk işi yerə çökmək olur. Dizini atır, vətən torpağını öpür.

Qismətinə vətən ayrılığı düşmüş, Cəfər taleli onlarla, yüzlərlə, minlərlə başqası da eyni hərəkəti etmişdi, vətənə yetişincə, illərlə həsrətlisi olduqları, bir daha görəcəklərinə ümid belə bəsləmədikləri torpağı öpmüşdü (İkinci Dünya müharibəsindən ev-eşiyinə qayıtmışların bir çoxunun da məhz bu cür etməsi haqda da onların özlərindən, ya doğmalarından az eşitməmişəm).

"Qafqazskaya"da dayandı qatar,

Bir vaqondan endi yerə ixtiyar.

Hələ heç Azərbaycana çatmayıblar. O qoca "Qafqazskaya" stansiyasında, artıq Qafqaza yetişəndə öpüşünün siftəsini etmişdi.

Qafqazsa Sibirləri görüb dönən vətən həsrətlilərindən ötrü elə doğma yerlər deməkdi.

Dalğalı dəniztək coşdu, çağladı,

Üz qoydu torpağa, öpdü, ağladı.

"Çəkinmə, qəlbini söylə, aç mənə".

Titrəyə-titrəyə qaldırdı başın,

Sildi saqqalından axan göz yaşın,

Dedi: "Əhd etmişəm olanda girdə

Dumanlı, şaxtalı, qarlı Sibirdə:

Ölməyib də görsəm Qafqazı bir də,

Öpüb o müqəddəs əziz məkanı,

Sinəsi üstündə tapşırım canı".

Cəfər Rəmzi qayıtdı, torpağı Qafqazda da öpdü, qatar Azərbaycan ərazisinə daxil olandan sonrakı ilk dayanacaqda da öpdü, Bakıya yetişincə elə burada da öpdü, getdi doğma Mərdəkanına, orada da dəfə-dəfə öpdü.

Və həmişə sadəcə əziz deyil, həm də müqəddəs saydığı bu torpağın üstündə sonra 40 il yaşadı.

Yaşadı və bu torpağa, bu dilə, bu vətənə hər nəfəs çəkdikcə xidmət etdi.

...Komidə durnaların nə işi?! Oranın nə yayı, nə qışı durnalara uyğun idi. Durnalar dünyanın çox ölkələrində yaşayır. Hər il də vətən etdikləri o ölkələrdən qışlamaqçün, qatarla, ikinci vətən kimi seçdikləri digər ölkələrə uçurlar, aylar sovuşur, sonra yenə həminki sayaq sabit düzümləri ilə qayıdıb gəlirlər əvvəlki yurdlara. Ancaq Komiyə durnalar nə gəlirdi, nə də buradan harasa gedirdi. Çünki Kominin nə yayı yay kimi yay idi, nə qışı qış kimi qış. Qış deyəndə ki, buralarda elə təxminən il boyu qış idi. İlin təxminən 200-250 günü qışabənzər keçirdi. Qış da sadə qışlardan deyildi, damarda qan donduran qış idi. Bəzən şaxtanın şiddəti 40-50 dərəcəni də keçirdi. İndi təsəvvür edin buralara gəlib düşmüş Cəfər Rəmzi kimi isti diyarlardan olan adamların halını. Nələr yaşayırmışlar, nələr çəkirmişlər zavallılar! Elə cəzanın ən ağırlarından biri də bu idi - evindən-elindən ayrılıq, dustaqlıq, saysız məhrumiyyətlər, üstəgəl iynəsi iliyə işləyən şaxta.

Təqvimlə guya yaz da olurdu, yay da gəlirdi. Amma nə o yaza yaz demək olardı, nə o yaya yay. Buranın yazı-yayı Cəfər Rəmzi kimi cənublulardan ötrü sərt payız, nisbətən yumşaq qış demək idi. İlin bütün qalan günləri, aylarısa zəlo-zəlo şaxtalar. Ancaq Cəfərin xəyallarında durnalar hər gün uçurdu. Cəfərin röyalarında sığırçınlar da, qaranquşlar da hər gün səmadaydı. Cəfər köksündə şair ürəyi daşıyan bir cavan idi. Ondan illər, onillər, yüzillər əvvəl də şairlər səmaya üz tutmuşdular, durnalarla danışmışdılar, durnalarla dərdləşmişdilər. Zamanında ayrılıq, həsrət qubarı ürəyini incidəndə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir göylərə üz tutmuş, durnalarla həsb-hal etmişdilər, 1936-cı il idi, indi o söhbəti Cəfər edirdi.

O, heç cür alışa bilmədiyi soyuq diyarda idi, burada nəinki durna, heç mavi səma da yox idi. Göyün üzü həmişə qaraqabaq adam kimi bomboz olardı. O bomboz göydəsə nə durnalar vardı, nə qaranquşlar, nə sığırçınlar. Ancaq Cəfərin içərisində durnalar uçmaqda idi. Ürəyinin fəzasında həmişə o durnalar uçmasaydı, ömrü elə Sibir yolunun başlanğıcındaca bitərdi, Komiyə gəldiyi ilk aylardaca canını tapşırardı. Onu yaşadan içərisində həmişə uçuşlarını davam etdirən durnalar idi. Cəfərin qəlbindəki durnalar xəyalən uçub vətənə də qovuşurdu, vətəndən ona salamlar da yetirirdi, xəbərlər də çatdırırdı. 1936-cı ilə qədər - Cəfərəcən durnalara saysız şeirlər həsr edilmişdi. Ancaq Cəfər Rəmzinin durnalara üz tutaraq söylədiyi şeir heç bir əvvəlki durnalar şeirinə bənzəmirdi.

Sibirdə günümüz dönübdür ilə,

Vicdansızlıq gəlməz qələmə, dilə.

Dözmək olmur bəlalara, müşkülə,

Gəlin biz tərəfə, haya, durnalar!

Kremldir iftiralar yuvası,

Stalinsə hiylələrin mayası.

Zərrə qədər yox üzündə hayası

Lənət deyin Moskvaya, durnalar.

Cəfərə qədər gözlərini göylərə dikərək, durnalara üz tutaraq ürəyində dilək tutanlar, xahiş edənlər çox olmuşdu. Ancaq Cəfərə qədər durnalardan bu cür rica edən heç olmamışdı. Ancaq qürbətlərə məhkum, durnalarla danışan bu cavan şairin başqa bir dərdi də vardı. İçərisində qövr eləyən acıların nəticəsi olaraq bu şeir qəlbində doğulmuşdu. Ancaq onu qələmə ala, kağıza köçürə bilmirdi. Çünki artıq buralarda olduğu qısa müddət içərisində bir acı həqiqəti anlamışdı. Gəlib Komiyə düşmüşdüsə, səbəbi vaxtilə hələ Bakıda, Azərbaycanda olanda yazdığı dikbaş şeirlər idi. İndi elə bir şeir doğurmuşdu ki, onu özündən başqa kimsəyə oxuya bilməzdi (Əslində heç yanında-yörəsində onun dilini anlayan, dərdləşəcəyi, bu şeiri göstərəcəyi, oxuyacağı bir kimsə də yoxdu).

Belə bir şeir qoşmasını eşidib-bilən olsaydı, ya əgər kağızda yazardısa, o vərəq hökumət adamlarından kiminsə əlinə düşsəydi, cəzasının üstünə cəza gələrdi. Bəlkə heç cəzasının üstünə cəza gəlməzdi, hökmünü birdəfəlik çıxarardılar, ömrünün son nöqtəsini güllə ilə qoyardılar. Odur ki, Cəfər istər Komidə olduğu günlərdə, istərsə də sonra Qazaxıstanda Komidəkindən də ağır şəraitdə "yaşayarkən" durnalarla şeirləşmələrini xəlvəti - ürəyindəcə davam etdirirdi. Durnalarla şeirə dönən söyləşmələri yenə olurdu, onların heç biri uça bilmirdi. Cəfər Rəmzinin şeirlərindəki durnalar elə özü kimi dustaq idi - uçmaq haqqı olmayan durnalar.

Azərbaycanın böyük rəssamı Mikayıl Abdullayevin bir-birindən gözəl bolluca əsərləri var. Heç vaxt rəngləri solmayacaq, həmişə Azərbaycan insanıyla yaşayacaq o əsərlərin sırasında portretlər də az deyil. Mikayıl Abdullayev Azərbaycanın neçə böyük şəxsiyyətinin surətini fırçaya alıb. Ancaq həmin şəkillərin arasında Cəfər Rəmzinin də portreti var. Açığı, bu, məni təəccübləndirmişdi. Cəfər Rəmzi gecə-gündüz yazıb-yaradan, qələmlə əlləşən, sözə fəhləlik edən insan idi. Di gəl, 1950-80-ci illərdə onun sağında-solunda bir-birindən adlı-sanlı ədəbiyyatşünaslar, şairlər, nasirlər vardı ki, həmin təntənəli sırada Cəfər Rəmzi İsmayılzadə məqamca xeyli azgörünən bir nöqtədə idi. Həmin adlı-sanlılar qafiləsində şöhrətli Mikayıl Abdullayevin fırçasının sanbalına çəkicə Cəfər Rəmzidən daha əvvəl layiq olanlar az deyildi. Təəccüblənmişdim ki, necə olub bu qədər nəhəngin arasında onun yadına Cəfər Rəmzi düşüb. Günlərin birində şahidi olduğum əhvalat bu sualın da cavabını öz-özünə aydınlaşdırdı.

1980-ci illərin sonları idi, Nizami muzeyində yenicə işləməyə başlamışdım və burada Mikayıl Müşfiqin xatirəsinə həsr edilmiş məclis keçiriləcəkdi. Azərbaycanın tanınmış ədəbiyyatçılarının, şairlərinin, söz adamlarının çoxu gəlmişdi. Qonaqların arasında Cəfər müəllim də vardı. Təbii ki, təşrif gətirənlərin hamısı Cəfər Rəmzini tanıyırdı, artıq ağsaqqal, oturuşmuş insan idi, hamısı onunla ehtiramla görüşür, hal-əhval tuturdu. Ancaq gələnlərin arasında iki nəfərin Cəfər müəllimə xüsusi sayğıyla, həm də sadəcə ehtiramla deyil, məxsusi nəvazişlə, həssaslıqla yanaşması diqqəti istər-istəməz cəlb etdi. Biri şair Balaş Azəroğlu idi, digəri rəssam Mikayıl Abdullayev. Üstündən bir neçə gün keçdi. Cəfər müəllimlə növbəti görüşümüzdə ondan bu barədə soruşdum. Xəbər aldım ki, Balaş Azəroğlunun, Mikayıl Abdullayevin sizə münasibətindəki bu incə yanaşma nədəndir? Dedi, düz tutmusan. Onlar mənə başqaları kimi yanaşa bilməzdi ki! Haçan məni görürlərsə, elə bu cür rəftar edirlər.

Bu istiqanlılığın, məhrəmliyin səbəbi nə idi? 1980-ci illərin sonlarında həm Mikayıl Abdullayev, həm Balaş Azəroğlu artıq özləri də yaşlı insanlar idi. Ancaq gendən baxırdım, Cəfər müəllimlə söhbət edərkən onlar sanki yaşlarından qat-qat gənc kimi görünürdülər.

Sirri Cəfər müəllim özü açaraq söylədi ki, mən 1930-cu illərin əvvəllərində müəllimliyə başlayarkən Balaş Azəroğlu da, Mikayıl Abdullayev də rəhbərlik etdiyim şeir dərnəyinin üzvləri idilər, onların ilk şeirlərini oxuyub düzəlişlər edərdim, həvəsləndirərdim ki, yaxşı yazırlar, hər görüşümüzə yeni şeirləri ilə gəlsinlər.

Gənc müəllim Cəfər İsmayılzadə bu yeniyetmələrdəki şeir yanğısını daha da coşdurmaqçün öz dərnəyinin məşğələlərinə daha bir İsmayılzadəni tez-tez dəvət edərmiş - dostu Mikayıl Müşfiqi! Hər yeni günün onlarçün elə şeir kimi olduğu bəxtiyar, ümidli, arzulu çağlarmış...

31 oktyabr 2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
525.az

1Sources