EN

Qalib Azərbaycanın Konstitusiya Günüdür – Bayramımız mübarək!

Azərbaycanın ictimai-siyasi həyatında proseslər elə cərəyan edib ki, ölkəmizin müstəqillik tarixində noyabr ayı xüsusi yer tutub.

Məhz noyabr ayında Azərbaycanda ilk dəfə radio (6 noyabr 1926) efirə çıxıb, milli azadlıq hərəkatının dirçəliş mərhələsi (17 noyabr 1088) başlayıb, Azərbaycan Xalq Cümhuriyyətinin bizə miras qoyduğu üçrəngli dövlət bayrağı (9 noyabr 1918) təsdiqlənib, müasir tariximizin ilk Konstitusiyası (12 noyabr 1995) qəbul edilib, mədəniyyət paytaxtımız Şuşa işğaldan azad olunub (8 noyabr 2020), 44 günlük Vətən Müharibəsi (10 noyabr 2020) başa çatıb.

Konstitusiya — dövlətin əsas qanunudur. Sadə dillə desək, “qanunlar qanunu”dur.

Bu sənəd ölkənin necə idarə olunduğunu, dövlət quruluşunu, vətəndaşların hüquq və azadlıqlarını, həmçinin hakimiyyət orqanlarının səlahiyyət və vəzifələrini müəyyənləşdirir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul olunub. Ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, vətəndaşların hüquq və azadlıqlarını, qanunverici (Milli Məclis), icraedici (Prezident və hökumət) və məhkəmə hakimiyyətinin əsas prinsiplərini təsbit edir.

Çox təəssüf ki, “insanlara hürriyyət, millətlərə istiqlal” şüarını özünə deviz kimi seçən və 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin əsas qanunu olan Konstitusiyanı qəbul edə bilməmişdi. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən ölkəmiz rus bolşevikləri tərəfindən işğal edildikdən sonra başlayıb.

Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

Azərbaycan SSR-nin ikinci Konstitusiyası SSRİ Konstitusiyası əsasında 14 mart 1937-ci ildə Fövqəladə 9-cu Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunub.

Azərbaycan SSR-nin sonuncu Konstitusiyası isə 1978-ci il aprelin 21-də qəbul edilib.

Həyat elə gətirmişdi ki, ölkəmizin son iki Konstitusiyasının (1978 və 1995) hazırlanması üzrə komissiyalara müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyev rəhbərlik etmişdi.

1977-ci ildə yeni konstitusiya layihəsi hazırlanarkən SSRİ Konstitusiyasının əsas prinsipləri saxlanılsa da, Azərbaycan SSR-in milli, mədəni və iqtisadi xüsusiyyətləri də nəzərə alınmışdı. Bu baxımdan 1978-ci il Konstitusiyasının 73-cü maddəsi xüsusi əhəmiyyət daşıyırdı. Bu maddədə Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili elan olunmuşdu. Bu, sovet dönəmində mühüm və cəsarətli bir addım idi. Həmin maddə Heydər Əliyevin şəxsi təşəbbüsü və siyasi iradəsi nəticəsində qəbul edilmişdi. Bu qərar milli kimliyin qorunmasında, Azərbaycan dilinin ictimai-siyasi həyatda rolunun güclənməsində böyük tarixi əhəmiyyət kəsb etdi. Bu Konstitusiya 1995-ci ilədək – müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olunana qədər qüvvədə qaldı.

Azərbaycan öz müstəqilliyini 1991-ci il oktyabrın 18-də bərpa edə bilsə də, müstəqil dövlətimizin əsas qanunu düz 4 ildən sonra – artıq 1993-cü ildə hakimiyyətə ikinci dəfə gəlmiş prezident Heydər Əliyevin dövründə qəbul edildi.

Yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 3 oktyabr 1995-ci il tarixli iclasında komissiyanın sədri Heydər Əliyev bildirmişdi ki, bu sənəd ilk növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir.

“Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq”, – deyə dahi siyasətçi vurğulamışdı.

Ümumxalq referendumunun keçirilməsinə iki gün qalmış Heydər Əliyev komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında görülən işi belə qiymətləndirmişdi:

“Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülübdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz ölkəmizin bütün ictimaiyyəti qarşısında, dünya ictimaiyyəti qarşısında deyə bilərik ki, Azərbaycan Respublikasının, xalqımızın tarixində ilk demokratik konstitusiya yaranmasında biz bilavasitə iştirak etmişik və bu layihənin yaranması bizim hamımızın birlikdə məhsuldar əməyimizin, fəaliyyətimizin nəticəsidir”.

O, bildirmişdi ki, 1995-ci ildə yaranan konstitusiyanın layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından tamamilə fərqlənir, çünki bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır. “Bu, Birləşmiş Millətlər Təşkilatının üzvü olan, dünya birliyində bərabərhüquqlu yerini tutmuş Azərbaycan dövlətinin Konstitusiyasıdır”.

Amma elə həmin iclasda Heydər Əliyev altı ay müddətində müxalifətdə olan siyasi partiyalardan konstitusiya layihəsinə aid bir layihənin təqdim olunmadığına diqqəti cəlb etdi. “Əgər müxalifət doğrudan da həqiqi müxalifətdirsə, bu müxalifət xalqa xidmət etmək istəyirsə, bu müxalifət Azərbaycanın dövlətçiliyinə xidmət etmək istəyirsə, bax, bu, məqam idi, meydan idi. İkinci dəfə belə bir imkan olmayacaq. Azərbaycanın uzunömürlü konstitusiyası yaranır, xalq onun referendumuna gedir. Siyasi partiyalar isə bundan kənardadırlar”.

Heydər Əliyev bu məqamda Müsavat partiyasının boykot çağırışını “xəyanətkar mövqe” adlandırmışdı:

“Bu gün səhər isə mən “Yeni Müsavat” qəzetində oxuyuram ki, Müsavat Partiyası xalqa müraciət edibdir: “Referenduma getməyin, bu konstitusiyaya səs verməyin”. Bəs nəyə səs versinlər? Əgər başqa bir layihə təqdim etsəydiniz, onda deyərdiniz ki, “bu layihəni biz təqdim etmişik, bu layihə qəbul olunmayıb, bu layihəyə səs verin”. Yoxsa ki, bu cür məsuliyyətsiz, Azərbaycan xalqına qarşı bu cür xəyanətkar mövqedə durmaq olarmı? Altı ay müddətində gəlib bir təklif verməyib, layihə verməyib, barmaq barmaq üstünə qoymayıbdır, amma bu gün qəzetdə müraciət edir ki, “səsverməyə getməyin və bu konstitusiyaya səs verməyin”. Mən niyə bunu belə həyəcanla, hiddətlə deyirəm? Ona görə ki, o Müsavat Partiyasının çağırışına kimsə gedəcək? Yox. Əgər Müsavat Partiyasının Azərbaycan Respublikasında bir nüfuzu olsaydı, əlli min imza yığa bilərdi. Əgər bir əlli min imza yığa bilmədisə, o, hansı nüfuzdan danışır? Ona görə də bu çağırış məni narahat etmir və belə çağırışlardan kim edir-etsin, – bu məni narahat etmir. Mən əminəm ki, xalq referenduma gələcək, konstitusiya layihəsinə səs verəcək”.

Hər şey Heydər Əliyevin dediyi kimi oldu. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.

Yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə mindi. Azərbaycan Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.

Sonrakı illərdə – 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olundu.

Hazırda bu Konstitusiya öz torpaqlarını erməni-rus işğalçılarından azad etmiş, ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Qalib Azərbaycanın əsas qanunudur.

Xatırladaq ki, indi dünyada BMT üzvləri və müşahidəçi dövlətlər də daxil olmaqla, təxminən 195 müstəqil dövlət var. Bu ölkələrin demək olar ki, hamısının öz konstitusiyası var, yəni dünyada təxminən 190–195 konstitusiya mövcuddur.

Amma bəzi vacib məqamlar var. Məsələn, Böyük Britaniya kimi bir neçə ölkənin yazılı, vahid konstitusiyası yoxdur. Onların konstitusiya sistemi müxtəlif qanunlar, məhkəmə qərarları və ənənələrə əsaslanır.

Bəzi dövlətlərdə bir neçə dəfə dəyişdirilmiş və ya yenilənmiş konstitusiyalar mövcuddur: Fransa 15-dən çox konstitusiya qəbul edib.

Bir sıra ərazilər və muxtar bölgələr də öz yerli konstitusiyalarına malikdirlər. ABŞ-nin hər ştatının ayrıca konstitusiyası var.

Bir sözlə, dövlət səviyyəsində təxminən 190–195 konstitusiya, regional və dövlət səviyyəsində isə 300-dən çox konstitusiya mövcuddur.

Konstitusiya Günümüz mübarək olsun!

Xatirə SADİQ

Chosen
20
1
nocomment.az

2Sources