EN

C-130 qəzası: Texniki nasazlıq, yoxsa regiondakı görünməz güc mübarizəsinin siqnalı?

Gəncədən qalxan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması hadisəsi həm texniki, həm də siyasi aspektlərdən diqqətlə araşdırılmalıdır.

İlkin məlumatlara görə, hadisənin səbəbi kimi hava şəraiti və texniki nasazlıq ehtimalları ön plandadır. Lakin regionun geosiyasi reallıqları və hadisənin baş verdiyi zaman konteksti bu hadisəyə sırf “təbii qəza” kimi yanaşmağı çətinləşdirir. C-130 kimi yüksək etibarlılıq dərəcəsinə malik hərbi təyyarənin qəzası təsadüfi hadisə təsiri bağışlamır, xüsusilə də bu uçuşun Bakıdakı Zəfər paradından dərhal sonra baş verməsi simvolik və strateji baxımdan düşündürücüdür.

Hadisənin arxasında duran mümkün versiyalar arasında texniki səbəblərlə yanaşı, kənar müdaxilə ehtimalı da istisna edilmir. Son illər Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər - Azərbaycanın hərbi-siyasi üstünlüyü, Türkiyənin bölgədə artan rolu və Qərb-Rusiya-İran balansında yaranan yeni dinamika regionda güc münasibətlərini tamamilə yenidən formalaşdırıb. Bu şəraitdə Bakı və Ankara tandeminin yaratdığı hərbi-strateji sinerji bəzi aktorlar tərəfindən “geosiyasi təhdid” kimi qiymətləndirilir. Belə bir vaxtda Türkiyəyə məxsus hərbi təyyarənin qəzası, istər-istəməz, bu balansı pozmaq istəyən qüvvələrin maraqları ilə əlaqələndirilə bilər.

Digər tərəfdən, hadisə Gürcüstanın hava məkanında baş verdiyi üçün, Tbilisinin texniki nəzarət və hava təhlükəsizliyi infrastrukturunun səviyyəsi də sual altına düşür. Gürcüstan NATO ilə əməkdaşlıq edən, lakin eyni zamanda Rusiya ilə gərgin münasibətlər yaşayan ölkədir. Bu mənzərədə istənilən hərbi insident həm Moskva, həm də Qərb üçün mesaj xarakteri daşıya bilər. Əgər hadisə həqiqətən də kənar müdaxilə nəticəsində baş veribsə, bu, regionda yeni təhlükəsizlik risklərinin başlanğıcı kimi də qiymətləndirilə bilər.

Ümumilikdə, C-130 təyyarəsinin qəzaya uğraması hadisəsi sırf texniki yox, həm də siyasi siqnal kimi təhlil edilməlidir. Ankara və Bakı üçün bu hadisə, bir tərəfdən, təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi zərurətini göstərir, digər tərəfdən isə, regionda davam edən görünməz güc mübarizəsinin nə qədər həssas və təhlükəli mərhələyə daxil olduğunu bir daha təsdiqləyir.

Bu səbəbdən, istənilən rəsmi nəticə açıqlanana qədər bütün versiyaların açıq saxlanması və hadisənin beynəlxalq səviyyədə obyektiv araşdırılması vacibdir.

Züriyə Qarayeva

Chosen
43
bakivaxti.az

1Sources