EN

Konstitusiya - dövlətin hüquqi əsaslarını müəyyən edən ali qanunvericilik sənədi

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin dövlət müstəqilliyinin, suverenliyinin və vətəndaş azadlıqlarının ən ali təminatıdır. Bu sənəd yalnız hüquqi sistemin əsasını deyil, həm də milli dövlətçiliyin rəmzini təşkil edir. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə qəbul edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasirləşdirilən Konstitusiya bu gün də Azərbaycan cəmiyyətinin davamlı inkişafını, sabitliyini və hüquqi dövlət prinsiplərinə sadiqliyini təmin edən strateji sənəd olaraq qalır. Bu gün artıq Konstitusiyamızın 30 illik yubileyini qeyd edirik.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə ölkədə yaranmış siyasi böhran, idarəetmədəki səriştəsizlik və anarxiya dövlət institutlarının formalaşmasına mane olmuş, qanunçuluq və vətəndaş təhlükəsizliyi təmin edilməmişdir. Bu dövrdə cəmiyyətin bütün sahələrində dərin böhran yaşanırdı. Lakin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni xaosdan xilas etdi, ictimai-siyasi sabitliyi bərpa etdi və müasir dövlət quruculuğuna möhkəm hüquqi-siyasi təməl qoydu.

Ulu Öndər Heydər Əliyev qeyd edirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.” Məhz bu uzaqgörən strategiyanın nəticəsi olaraq, Ümummilli Liderin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsi hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmişdir. Referendumda seçicilərin 86 faizi iştirak etmiş, onların 91,9 faizi Konstitusiyanın lehinə səs vermişdir. Yeni Əsas Qanun 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.

Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmiş, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən isə bu günün ölkə miqyasında təntənəli şəkildə qeyd olunması təmin edilmişdir. Bu qərar Azərbaycanın milli dövlətçilik tarixində Konstitusiyanın müstəsna əhəmiyyətini təsdiqləyən mühüm addım idi.

Konstitusiyanın qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri kimi dəyərləndirilir. Bu sənəd müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafın hüquqi bazasını formalaşdıran və insan hüquqlarını qoruyan mükəmməl hüquqi əsas oldu.

Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə möhkəm hüquqi baza yaratdı. Sənəd hakimiyyət bölgüsü prinsipini – qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin ayrılığını təmin etdi və insan hüquq və azadlıqlarının qorunmasını dövlətin ali vəzifəsi kimi müəyyənləşdirdi.

Konstitusiyada müasir hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınaraq konstitusiya ədalət mühakiməsi institutunun yaradılması nəzərdə tutuldu. Bu əsasda 1997-ci il oktyabrın 21-də qəbul edilmiş “Konstitusiya Məhkəməsi haqqında” Qanuna əsasən, 1998-ci il iyulun 18-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Bu orqan Konstitusiyanın aliliyinin təminatçısı kimi dövlət hakimiyyəti sistemində mühüm yer tutdu.

Əsas Qanun dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı, vətəndaş cəmiyyətinin bərqərar olmasını, qanunların aliliyini və bazar iqtisadiyyatı prinsiplərini təmin etməyi dövlətin əsas məqsədləri kimi təsbit etdi.

Konstitusiyanın 48 maddəsi bilavasitə insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur. Bu maddələr beynəlxalq hüquqi sənədlərə uyğun olaraq hazırlanmış və bütün vətəndaşların – dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq – bərabər hüquqlara malik olmasını təmin edir.

Zamanla yaranan yeni sosial-siyasi reallıqlar Konstitusiyada dəyişikliklərin edilməsini zəruri etmişdir. Son dəyişikliklərlə Birinci vitse-prezidentlik institutu yaradıldı və bu, dövlət idarəçiliyi sistemində yeni funksional mərhələ açdı. Dəyişikliklərin əsas məqsədi dövlətin idarəetmə səmərəliliyini artırmaq, məhkəmə hakimiyyətinin müstəqilliyini gücləndirmək və insan hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək idi.

Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən 2020-ci il Vətən müharibəsi və 2023-cü il Dövlət Suverenliyinin Tam Bərpası əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla da Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar edildi.

Bu tarixi nailiyyətlərə və Konstitusiyanın qəbulunun 30-cu ildönümünə əsaslanaraq, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmiş, 2025-ci il 11 fevral tarixli Sərəncamla müvafiq Tədbirlər Planı təsdiq edilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 10 oktyabr tarixli Qanunla “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilmişdir.

Pərvanə Vəliyeva,
​Milli Məclisin deputatı

Chosen
7
ikisahil.az

1Sources