EN

Konstitusiyamız ümumbəşəri dəyərlərə söykənir- ÖZƏL

Azərbaycan xalqı 1995 - ci il noyabrın 12-də dövlətçiliyimizin əsasını təşkil edən mühüm bir tarixi hadisəyə imza amaqla ilk milli Konstitusiyasını qəbul etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasa Azərbaycanın hüquqi-siyasi sistemində bir dönüş nöqtəsi oldu. Bu səbədən Konstitusiyamız  hüquqi norma olmaqla yanaşı, həm də xalqımızın azadlığının, müstəqilliyinin, demokratik dəyərlərə sadiqliyinin ifadəsi idi. Onun əhəmiyyətini canlandırmaq üçün Ümummilli Lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin fikirlərindən sitat gətirmək mütləqdir. Ulu Öndərin qeyd etdiyi kimi, "Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir."  Cənab Prezident İlham Əliyev də Konstitusiyanın əhəmiyyətini bu sözlərlə diqqətə çatdırıb.
" Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır." 
Bilindiyi kimi, Azərbaycan çox çətin geosiyasi şəraitdə öz müstəqilliyini bərpa etməyi bacardı. Lakin,  1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. 
Ulu Öndər Heydər Əliyev demişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır." Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 
1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Konstitusiyamız Azərbaycanın müstəqil dövlət kimi hüquqi əsaslarını müəyyənləşdirdi. Bu sənəd məhz insan və vətəndaş hüquqlarının ali dəyər kimi tanıdığını, dövlətin fəaliyyətinin də bu prinsiplər üzərində qurulduğunu təsbit etdi. Bu səbədən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi, siyasi və ictimai sabitliyinin, ədalətin və demokratik inkişafın rəmzidir.

Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
olaylar.az

1Sources