EN

Əhmədlidə sürüşmənin səbəbi məlum olub - YENİLƏNİB

"Bu ərazidə təcili hidrotexniki tədbirlər görülməlidir ki, daha böyük sürüşmələr olmasın".

Bunu akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh ismayılov APA-ya açıqlamasında deyib.

“Hazırda qaldığımız ərazi aktiv sürüşmə sahəsidir. Bu, Əhmədli yaşayış ərazisinin cənub-cənub şərqə baxan yamaclarıdır. Tədricən Bakı anfiteatrının aşağı hissələrinə meyillənir. Bugünkü sürüşmə lokal sürüşmədir, səthdə baş verir. Belə sürüşmələr olur, bunlar eroziya tipli sürüşmələrdir. Bu, adətən insanların aktiv təsiri ilə baş verir. Amma yamacın təşkil etdiyi süxurlar onu göstərir ki, burada kifayət qədər sürüşməyə meyilli ərazi var. Buna görə burada sürüşmənin baş verməsi təbiidir”, - şöbə müdiri qeyd edib.

O bildirib ki, yamaca sürüşməyə kifayət qədər meyilli sahədir: "Belə ərazidə torpaq sürüşməsi 40–50 sm-lik sürüşmə bilavasitə suvarma suları ilə bağlıdır. Suvarmanın təsiri ilə bu sürüşmə baş verib. Bu yamacda bəzi daş hissələrdə çökmələr görürəm. Onlar aktiv süxurlar olduğunu göstərir. Bu, daha böyük sürüşmənin xəbərçisi ola bilər. Ona görə də təcili bu yamacda hidrotexniki tədbirlər görülməlidir ki, daha böyük sürüşmələr olmasın”.

Şöbə müdiri onu da qeyd edib ki, davamlı ağac əkmək və yamacın yuxarı hissəsində asfalt yolun olması atmosfer su mübadiləsinin tamamilə kəsilməsinə və yamacın əlavə rütubət almasına səbəb olur. Bu da sürüşmə üçün təhlükəlidir.

***

12:06

"Xətai rayonu Əhmədli qəsəbəsində baş verən sürüşmə texniki səbəblərdən baş verib".

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ərazidə vaxtilə istehsal müddəti başa çatmış su borusu keçir: “Borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu, adi sürüşmə prosesidir. Su yığıntları səbəbindən torpağın pillənkənvari hissəsində sürüşmə olub".

Ənvər Əliyev qeyd edib ki, ərazidə daha bir neçə yerdə sürüşmə təhlükəsi yaranıb: “Ərazidə mütləq tez bir zamanda su təsərrüfat sistemi yenilənməlidir və müasir borularla əvəzlənməlidir. Çünki ərazidə boruların axıntısından sınıq yerlər yaranıb. Bu gələcəkdə sözügedən ərazidə sürüşmə təhlükəsi yaradır. Hazırkı sürüşmə yerinin sağ və sol hissələrində biz qırıntılar aşkar etmişik. Gələcəkdə burada daha böyük sürüşmə ola bilər".

Əsas məsələ odur ki, şükür, heç bir xəsarət alan yoxdur.

Xətai rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə jurnalistlərə açıqlamasında deyib ki, sürüşmə zamanı xəsarət alan olmayıb: “Bildiyiniz kimi, Bakının Xətai rayonunda abadlıq işləri davam edir. Burada vaxtilə 4 hektar olan Heydər Əliyev parkının sahəsi 14 hektara çatdırılıb. Ona yaxın ərazinin hamısı da abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Tərəfimizdən həmin ərazilərə qulluq göstərilməsi üçün su xətləri çəkilib”,- o bildirib.

O qeyd edib ki, Nisbətən böyük olan su xəttində sızma baş verib: “Sızma nəticəsində su müəyyən hissəyə yayıldığı üçün, torpaq yumşaq olduğundan sürüşmə müşahidə edilib. Dərhal xətt bərpa olunub və vəziyyət nəzarətə götürülüb. Digər aidiyyəti qurumlara da bu barədə məlumat verilib. Bu il icra hakimiyyəti və rayon qurumları tərəfindən ərazidə bərpa işləri aparılıb. Qeyd edilməlidir ki, bu zona sürüşmə zonası deyil. Sadəcə sızma nəticəsində lokal çökmə baş verib. Heç bir təhlükəli proses yoxdur”, - o qeyd edib.

Əhmədlidə Əhmədlidə Əhmədlidə Əhmədlidə Əhmədlidə
Chosen
26
2
apa.az

8Sources