EN

Mədəniyyət Nazirliyində nə baş verir? – 8 milyonluq yeyinti iddiası var, audit yoxlaması aparıldığı bildirilir

Mədəniyyət Nazirliyində nə baş verir? – 8 milyonluq yeyinti iddiası var, audit yoxlaması aparıldığı bildirilir

Mədəniyyət Nazirliyində audit yoxlaması aparılır.

AFN.az-a bu barədə məlumatlı mənbə bildirib. Qeyd edilir ki, nazirlikdə azı 8 milyonluq yeyinti araşdırma mövzusudur.

“Nazir Adil Kərimli aparat rəhbəri Mustafa Abbasbəylini nazirlikdən qovub. Deyib ki, 8 milyonluq yeyinti var, get həll et. Görünən odur ki, yeyintini Mustafa Abbasbəylinin üzərinə atmaq istəyirlər”.

Qeyd edək ki, Mustafa Abbasbəylinin qardaşı Məmməd Abbadbəyli uzun müddət İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (əvvəlki adı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) sədri vəzifəsində çalışıb. O, 2021-ci ilin dekabrından adıçəkilən vəzifədə fəaliyyət göstərib. Bu il aprelin 21-də Prezident fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrildikdən sonra Məmməd Abbasbəyli qurumun rəhbəri postundan azad edilərək iqtisadiyyat nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Mənbənin sözlərinə görə, Mədəniyyət Nazirliyi ilə bağlı ciddi proseslər baş verir: “Parlamentdəki büdcə müzakirələrindən də aydın oldu ki, mədəniyyət sahəsi başsızdır”.

Yeri gəlmişkən, büdcə müzakirələri zamanı aydın olub ki, Azərbaycanda gələn ilin büdcəsindən kino sahəsinə vəsait ayrılmayıb. Bunu Milli Məclisdə birgə komitə iclasında Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib: “Gələn il bizim kinomuza vəsait ayrılmayıb, bunun səbəblərini bilmirəm. Bunun səbəblərini yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bizə izah edər. Kinoya heç bir vəsait ayrılmaması təhlükə yaradır. Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək”.

Milli Məclisin sədr müavini Rəfael Hüseynov da Polad Bülbüloğlunun fikrini dəstəkləyib: "XX əsrin ortalarında Azərbaycan kinosu böyük uğurlar qazanıb. Bu ənənə davam etdirilməlidir. Kinonun gələcəkdə inkişafı üçün vaxtilə Mədəniyyət komitəsində də məsələlər qaldırmışıq. Kinonun inkişafı üçün kino xadimlərinə müəyyən imtiyazlar verilməlidir. Kino avadanlıqlarının gətirilməsinə yüngülləşmiş vergi tətbiqi, azadetmələr də olmalıdır".

Yaranmış vəziyyət bir daha aydın göstərir ki, Mədəniyyət Nazirliyində düzgün getməyən proseslər var. Mədəniyyət sahəsində fəaliyyət göstərən insanlar nazir Adil Kərimlinin bu işi yarıtmadığını bildirirlər. Rəylərə görə, büdcə müzakirələri başlayana qədər nazirlik müvafiq təklifləri təqdim etməli, ekspertlərin, mütəxəssislərin, mədəniyyət və incəsənət adamlarının nüfuzundan istifadə edərək bu sahədə təşəbbüslər qaldırmalı idi.

Bütün bunların baş verməməsinə qurumdakı söz sahiblərinin başının yeyintiyə qarışması səbəb ola bilərmi, əcəba? Bu və digər suallarla nazirliyə sorğu ünvanlasaq da, cavab ala bilmədik. Qurumun və yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.

AFN Araşdırma qrupu

Chosen
18
afn.az

1Sources