Venesuela Prezidenti Nikolas Maduro, ABŞ-nin Karib dənizi və Sakit okean bölgələrində artan hərbi fəaliyyətinə cavab olaraq ölkədə "milli müdafiə komandanlıqları"nın yaradılmasını əmr edib.
VTV dövlət televiziya kanalının məlumatına görə, Maduro bu açıqlamanı paytaxt Karakasdakı Miraflores Sarayında çıxışı zamanı verib.
Dövlət başçısı qeyd edib ki, Venesuela ardıcıl 14 həftədir psixoloji müharibəyə məruz qalır. Maduro ABŞ-ın Venesuelaya mümkün hərbi müdaxiləsi halında milli müdafiə komandanlıqlarının xalq müqavimətinin və yerli müdafiənin təşkilində iştirak edəcəyini açıqladı.
Venesuela lideri "milli müdafiə komandanlıqları"nın Strateji Əməliyyatlar Komandanlığına (CEOFANB) hesabat verəcəyini bildirib və deyib: "Əgər bizə silahlı münaqişə tətbiq olunarsa, hər məhəllə, hər şəhərdə xalq müdafiəsi hazır olmalıdır. Gəlin həmişə müqəddəs irsimizi müdafiə etməyə, polad kimi fəth etməyə və qalib gəlməyə hazır olaq, vətənpərvərlik və azadlıq yolu ilə gedək."
Yerli medianın məlumatına görə, milli müdafiə komandanlıqlarının digər məqsədi hərbi əməliyyatları dəstəkləmək, eləcə də səfərbərlik elan edildikdən sonra vacib dövlət xidmətlərinin və kritik infrastrukturun fəaliyyətini təmin etməkdir.
Məlum olduğu kimi, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp "yerlərdə Latın Amerikası narkotik kartelləri ilə mübarizə" üçün silahlı qüvvələrin daha aktiv və effektiv istifadəsini tələb edən bir sərəncam imzalayıb.
Bu kontekstdə, avqustun sonlarında ABŞ Venesuela sularına sualtı qayıqlar və hərbi gəmilər yerləşdirib. ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, Amerika qoşunları "rejim dəyişikliyi" də daxil olmaqla, Venesueladakı əməliyyatlara hazırdır.
Cavab olaraq, Venesuela prezidenti Nikolas Maduro 4,5 milyon milis üzvünün səfərbər olunduğunu və hər hansı bir hücumu dəf etməyə hazır olduqlarını elan edib.
ABŞ-nin narkotik qaçaqmalçılığına qarşı mübarizə adı altında Venesuela gəmilərini davamlı olaraq ələ keçirməsi həm ölkə hakimiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərə səbəb olub.
Rizvan CƏFƏROV,
“Azərbaycan”