Son iki il ərzində Azərbaycan kino sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) Prezidentin 2022-ci il 20 aprel tarixli Fərmanı ilə yaradılıb və 2023-cü ildən fəaliyyətə başlayaraq, milli kino sektorunun canlanmasına mühüm təkan verib.
Kino istehsalı və iqtisadi təsir
2023–2025-ci illərdə dövlət dəstəyi ilə 71 film layihəsinin istehsalına başlanılıb, onlardan 50-si (6-sı tammetrajlı) tamamlanaraq təhvil verilib. İstehsal üçün 34 şirkətə 21,3 milyon manat dövlət vəsaiti ayrılıb. Hazırda ildə orta hesabla 8–10 tammetrajlı film istehsal olunur.
Kino sənayesində bu canlanma 1570 müvəqqəti iş yeri yaradıb, 2026-cı il üçün planlaşdırılan layihələr isə əlavə 800 iş yeri formalaşdıracaq.
Yayım, beynəlxalq əməkdaşlıq və tanıtım
2025-ci ildən filmlərin yayım hüquqlarının satışına başlanılıb. Yerli telekanallarla imzalanan ilk yayım paketi 11 film üzrə 100 min manat dəyərindədir. Azərbaycan filmləri artıq Kann və Venesiya kimi nüfuzlu festivallarda nümayiş olunur.
ARKA beynəlxalq əməkdaşlıq çərçivəsində 7 memorandum imzalayıb və hər il 6 beynəlxalq film festivalına dəstək verir. 2024-cü ildə təsis edilən “Baku Cinema Breeze” (BCB) platforması regionda vahid kino bazarının formalaşmasına xidmət edir. 2025-ci ilin dekabrında keçiriləcək növbəti BCB konqres-festivalında 30-dan çox ölkədən nümayəndələrin iştirakı gözlənilir.