Noyabrın 13-də taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək.
Senzor.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahanda iştirak etmək üçün 1679 nəfər qeydiyyatdan keçib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək.
İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
Namizədlər imtahana gələrkən "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsininin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.
“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş olunur ki, kitabça ilə mütləq tanış olsunlar.