“Neftçi”nin veteran futbolçusu, sabiq baş məşqçisi Kazbek Tuayev doğum günü ərəfəsində klubun Futbol Mərkəzinin qonağı olub.
Arena.az xəbər verir ki, klubun baş icraçı direktoru Cenk Sümer, baş məşqçi Samir Abasov və Media üzrə koordinator Rüstəm Əfsərli ilə görüşən Tuayevə 85 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edilib.
Uzun illər Tuayevlə çiyin-çiyinə çalışmış mütəxəssis Böyükağa Ağayevin də iştirak etdiyi görüşdə “Neftçi”nin hazırkı durumu və gələcək planları haqda fikir mübadiləsi aparılıb. Daha sonra futbol mərkəzi ilə yaxından tanış olan yubilyar “Neftçi TV”yə geniş müsahibə verib.
Kazbek Tuayev həm futbolçu, həm də baş məşqçi kimi “Neftçi”nin ən yaxşılarından olub. 1940-cı il noyabrın 13-də Ələtdə dünyaya gələn Tuayev futbol oynamağa yerli “Lokomotiv” klubunda başlayıb. Daha sonra Bakı “Lokomotiv”i və Nalçik “Spartak”ında çıxış edən futbolçu 21 yaşında “Neftçi”yə keçib.
Qısa müddətdə əsas heyət üzvlərindən birinə çevrilən “7 nömrə” “Neftçi”nin SSRİ dönəmindəki ən böyük uğurunun əsas səbəbkarlarındandır. Təsadüfi deyil ki, “ağ-qaralar”ın bürünc medal qazandığı 1966-cı il mövsümündə məhsuldar ötürmələriylə yanaşı, komandanın bombardiri olub. Ümumilikdə, “Neftçi”nin heyətində keçirdiyi 11 mövsüm ərzində 298 oyunda meydana çıxan sağ cinah hücumçusu bir-birindən vacib 60 qola imza atıb.
1966-cı ildə bürünc medal qazanmış 12 futbolçudan biri olan Kazbek Tuayev “Neftçi”nin heyətində SSRİ-də “33 ən yaxşı oyunçu” siyahısına düşən ilk futbolçu olub. O, 1963-cü ildəki bu uğurunu 1966 və 1967-ci illərdə təkrarlayıb. Elə 1967-ci ildə 3 oyunda SSRİ yığmasının formasını geyinib.
Kazbek Tuayev baş məşqçi kimi daha böyük uğurlara imza atıb. SSRİ dönəmində Nalçik “Spartak”ını, Lənkəran “Xəzər”ini çalışdırandan sonra doğma “Neftçi”nin sükanı arxasına keçən mütəxəssis 1987-1990-cı illərdə çalışdırdığı “Club Africain” ilə Tunis çemponu olub. “Neftçi”nin baş məşqçisi kimi 3 dəfə Azərbaycan çempionluğu, 2 dəfə isə ölkə kubokunu əldə edib. Komandamız məhz onun rəhbərliyi altında 1996-cı ildə UEFA Kubokunda Sofiya “Lokomotiv”ini 2:1 hesabı ilə məğlub etməklə avrokuboklarda ilk qələbəsini qazanıb, 2003/2004 mövsümündə isə Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubuna qalib gəlməklə ilk dəfə mərhələ adlayıb. Milli komandamıza rəsmi görüşlərdə ilk qələbəni də baş məşqçi kimi Tuayev qazandırıb. Millimizin 1996-cı ilin avqustunda İsveçrəni 1:0 hesabı ilə məğlub etdiyi həmin matç yaddaşlara həkk olunub.

