EN

Bir sıra avtobuslarda dayanacaqlar niyə səsləndirilmir? ARAŞDIRMA

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 12 noyabr, Günel Türksoy, AZƏRTAC

Bakı şəhərində ictimai nəqliyyat sistemi gündəlik olaraq çox sayda insanın hərəkətini təmin edən əsas infrastruktur sahələrindən biridir. Son illərdə paytaxtda avtobus parkının yenilənməsi və nəqliyyat xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, hazırda paytaxtda 180 marşrut xətti üzrə 27 avtobus daşıyıcısı fəaliyyət göstərir. Gündəlik sərnişindaşıma fəaliyyətinə 2 min 300 avtobus cəlb edilir.

Yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2 min 800 ədəd olacağı gözlənilir. 2025-ci il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub.

Avtobus parkının yenilənməsinə baxmayaraq, bəzi problemlər hələ də qalmaqdadır. Bu problemlərdən biri də marşrutlarda dayanacaqların səsləndirilməsi sisteminin qeyri-sabit fəaliyyəti ilə bağlıdır.

AZƏRTAC paytaxtda avtobuslarda dayanacaqların səsləndirilməsi ilə bağlı mövcud vəziyyəti araşdırıb.

Bildirək ki, dayanacaqların səsləndirilməsi, xüsusilə görmə məhdudiyyəti olan sərnişinlərin müstəqil şəkildə hərəkət etməsi üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu sistem ümumi sərnişin rahatlığını və xidmətin keyfiyyətini artıran vacib amillərdən biridir. Lakin müşahidələr onu deməyə əsas verir ki, bir çox marşrutlarda səsləndirmə sistemi ya ümumiyyətlə işləmir, ya da qeyri-dəqiq şəkildə fəaliyyət göstərir.

Qeyd edilən problemlə rastlaşanlardan biri də Bakı şəhər sakini birinci qrup gözdən əlilliyi olan şəxs Zəkəriyyə Qurbanovdur. Z. Qurbanov AZƏRTAC-a bildirib ki, avtobuslarda dayanacaqların səsləndirilməsinin olmaması onların mənzil başına gedib çatmaqlarında böyük problemlər yaradır:

“Biz tez-tez sərnişinlərdən harada olduğumuzu soruşa bilmirik. Bəzən onlar da bilmirlər, bəzən də istiqaməti yanlış deyirlər. Avtobus sürücülərinin də yaxınlığında dayanıb onlardan istiqaməti soruşmaq çətindir. Hər gün demək olar ki, mütəmadi olaraq istifadə etdiyim “Baku Bus” MMC-yə məxsus 17 nömrəli avtobusda səslənmə çox zaman həyata keçirilmir. Səslənmənin olması dayanacaqlarda rahat şəkildə düşməyimiz üçün vacibdir. Onsuz da biz dayanacaqda marşrut gözləyərkən hansı avtobusun gəldiyini bilmirik”.

Məsələ ilə bağlı “Baku Bus” MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva AZƏRTAC-a bildirib ki, hazırda “BakuBus” MMC-nin istismarında 55 şəhərdaxili müntəzəm marşrut xətti üzrə 735 ədəd “BMC” markalı və 161 ədəd “BYD” markalı elektrik avtobusları fəaliyyət göstərir və bu avtobusların hər birində dayanacaqların səsləndirilməsi sistemi mövcuddur:

“Sözügedən sistemin fasiləsiz işləməsi sərnişinlərin marşrut üzrə rahat və maneəsiz hərəkəti baxımından vacib istiqamətlərdən biri hesab olunur. Bəzi hallarda sistemin fəaliyyətində texniki səbəblərdən qısa müddətli fasilələr yarana bilər. Belə hallarda sürücülər avtobusu axşam depoya təhvil verərkən mövcud nasazlıq barədə təhvil alan mexanikə məlumat verirlər. Məlumat əsasında dərhal texniki xidmət göstərilir və problem qısa müddətdə aradan qaldırılır.

Qeyd olunan məsələ ilə bağlı 17 nömrəli marşrut xəttində monitorinq aparılır və sistemdə müşahidə olunan texniki nasazlığın qısa müddətdə aradan qaldırılması təmin olunacaq.

Sistemlərin fasiləsiz işləməsini təmin etmək məqsədilə “BakuBus” MMC tərəfindən davamlı monitorinq və texniki nəzarət tədbirləri həyata keçirilir”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda paytaxtda 180 marşrut xətti üzrə 27 avtobus daşıyıcısı fəaliyyət göstərir. Gündəlik sərnişindaşıma fəaliyyətinə 2 min 300 avtobus cəlb edilir:

“Hazırda 1054 avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Bunlardan 815 ədədi gündəlik istismar olunur. Daşıyıcılar tərəfindən yeni gətirilən daha 107 avtobusda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər aparılır. Texniki işlər yekunlaşdıqdan sonra ümumilikdə 1161 avtobusda səslənmə təmin olunacaq. Qeyd edək ki, Bakıya yeni gətirilən və sərnişindaşıma üçün xəttə buraxılan avtobuslar bu sistemlə təchiz olunub”, - deyə bildirilib.

“Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev AZƏRTAC-a açıqlamasında marşrut xətləri üzrə avtobusların yenilənməsi və müasirləşdirilməsi ilə paralel olaraq nəqliyyat vasitələrində dayanacaqların səsləndirilməsi sisteminin də aktivləşdirildiyini qeyd edib. Bildirib ki, hazırda Bakı şəhərindəki marşrut xətlərində dayanacaqların səsləndirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir: “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan əsas marşrut xətləri üzrə avtobuslarda dayanacaqların səsləndirilməsi mövcuddur. Ümumilikdə isə istismarımızda olan xətlər üzrə xidmət göstərən müasir tipli avtobusların yarıdan çoxunda dayanacaqların səsləndirilməsi həyata keçirilir. Yaxın vaxtlarda bu say daha da artacaq”.

Beləliklə, AYNA tərəfindən də verilən məlumata əsasən paytaxtda sərnişindaşıma ilə məşğul olan 2 min 300 avtobusun 815-də dayanacaqların səsləndirilməsi prosesi həyata keçirilir. Yerdə qalan avtobuslarda isə sistem aktiv deyil. Müşahidələr isə onu deməyə əsas verir ki, 815 avtobusun heç də hamısında dayanacaqlar səsləndirilmir. Köhnə tipli avtobuslarda isə bu funksiyalar ümumiyyətlə mövcud deyil. Bakı şəhərində dayanacaqların səsləndirilməsi infrastrukturu formalaşdırılsa da, onun davamlı monitorinqi, texniki qulluq mexanizmi istənilən səviyyədə deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
azertag.az

2Sources