Bu gün Yasamal Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyi münasibətilə təntənəli tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdən öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova iştirakçıları bayram münasibətilə təbrik etdi və ölkəmizdə hüquqi dövlətin təşəkkül tapmasının əsas mərhələləri barədə məlumat verdi. Daha sonra Azərbaycan Konstitusiyasının qəbulundan və bu tarixi prosesdə Ulu Öndərin rolundan bəhs edən filmə baxış keçirildi.
Tədbirdə məruzə ilə çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, əsas qanunun hüquqi və tarixi əhəmiyyətinə dair öz fikir və mülahizələri ilə bölüşdülər, Azərbaycanda son illər həyata keçirilən hüquqi islahatların mahiyyətinə dair ətraflı məlumat verdilər. Tədbirdə yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, cənab Prezident İlham Əliyevin 2025-cü ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu əlamətdar hadisənin tarixi və siyasi əhəmiyyətini daha da artırıb. Bildirildi ki, Azərbaycan Konstitusiyası müstəqil dövlətimizin hüquqi bünövrəsini təşkil edən əsas qanundur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş bu sənəd, dövlətimizin hüquqi, demokratik və dünyəvi inkişaf yolunu müəyyən etmiş, vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır. Bu tarixi hadisə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və dövlət quruculuğu sahəsindəki müdrik fəaliyyətinin nəticəsidir.
Məhz onun rəhbərliyi ilə qəbul edilən Konstitusiya Azərbaycan Respublikasının hüquqi dövlət kimi formalaşmasının başlanğıc nöqtəsinə çevrildi. Bildirildi ki, Ulu Öndər ikinci dəfə iqtidara gəlməmişdən öncə ölkəmizdə qanunlar işləmirdi, hüquq tapdalanırdı, elementar insan haqları kobud şəkildə pozulurdu. Lakin Ulu Öndər xalqın təkidi ilə ikinci dəfə iqtidara gələndən sonra vəziyyət dəyişməyə başladı: qanunun aliliyi, hüquq və azadlıqların müdafiəsi təmin edildi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan dövləti öz suverenliyini tam şəkildə bərpa etmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə, 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Qarabağda dövlət suverenliyimizin tam bərpası tarixi hadisədir. Bu gün Azərbaycan dövləti möhkəm hüquqi əsaslar üzərində durur, qanunun aliliyinə, insan hüquqlarına və sosial ədalətə əsaslanan siyasət həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan islahatlar həm dövlət idarəçiliyində, həm də sosial-iqtisadi sahələrdə Konstitusiyanın prinsiplərinin praktiki tətbiqidir. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edildi.