EN

Tramp “Vaşinqton Komandirləri”ndən nə istəyir? – ABŞ-də yeni gərginlik


ABŞ Prezidenti Donald Trampın nümayəndələri 2030-cu ilə qədər yeni stadion tikməyi planlaşdıran “Vaşinqton Komandirləri” komandasının sahibləri ilə qeyri-rəsmi danışıqlar aparıblar.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, bu görüşlərdə prezidentin adının yeni arenaya verilməsi təklifi də gündəmə gətirilib.
Hazırda “Komandirlər” qonşu Merilend ştatında oynayır, lakin klub uzun müddətdir Kolumbiya dairəsinə – doğma şəhərinə qayıtmaq istəyir. 2021-ci ildə klubu 6,05 milyard dollara alan iş adamı Coş Harris hədəfinin məhz bu olduğunu açıqlayıb. ABŞ-nin sabiq prezidenti Co Baydenin imzaladığı qanuna əsasən,  federal torpaqlar 99 illiyə dairəyə verilib və yeni obyektlərin tikintisinə icazə alınıb.
Şəhər rəsmiləri artıq yeni stadion üçün 1 milyard dollar ayırıb, qalan 2,8 milyard isə klub tərəfindən qarşılanacaq. 65 min tamaşaçı tutumlu yeni arena köhnə Con Kennedi stadionunun yerində inşa ediləcək və müasir standartlara cavab verəcək. Razılaşmaya əsasən, “Vaşinqton Komandirləri” növbəti 30 il ərzində arenada faktiki olaraq pulsuz – ildə cəmi bir dollar icarə haqqı ilə çıxış edəcək.
Lakin stadion layihəsi Donald Tramp administrasiyasının təzyiqi ilə üzləşib. Prezident yayda komandanın köhnə “Redskins” adını bərpa etməsini tələb edib və xəbərdarlıq edib ki, əks halda federal torpaqda stadion tikintisinə icazə verməyəcək.
“Çoxları bunu tələb edir... Böyük hind xalqımızın çoxu bu adı qaytarmaq istəyir. Biz ehtiras və sağlam düşüncə ölkəsiyik”, – Tramp sosial mediada yazıb.
Komandanın sahibi Coş Harris isə “Redskins” adına qayıtmağın “obyektiv səbəblərdən mümkün olmadığını” bildirib. Buna baxmayaraq, Trampın təzyiqləri və onun adının stadionla əlaqələndirilməsi barədə şayiələr artmaqdadır. Bəzi azarkeşlər hətta “Donald Trump Stadionu” adının layihənin razılaşmasının bir hissəsi ola biləcəyini iddia edirlər.
Donald Trampın Amerika futboluna marağı illərdir məlumdur. O, bir neçə dəfə NFL komandası almağa cəhd edib – 1980-ci illərdə “Baltimore Colts” və “Dallas Cowboys”u, 1989-cu ildə isə “New England Patriots”u almaq istəyib, lakin heç biri baş tutmayıb. 2014-cü ildə “Buffalo Bills” üçün verdiyi təklif də uğursuz olub. Tramp sonradan etiraf edib ki, həmin razılaşma baş tutsaydı, prezidentliyə namizədliyini irəli sürməyəcəkdi.
Mütəxəssislər hesab edirlər ki, Trampın Vaşinqtonda adının əbədiləşdirilməsi arzusu onun idmanla, xüsusən NFL ilə münasibətlərində yeni siyasi simvolizm yaradır. Əgər plan reallaşarsa, “Donald Trump Stadionu” prezidentin idman və siyasət arasındakı əlaqəsinin növbəti mərhələsi olacaq.

Murad Məmmədov
Chosen
23
1
yeniavaz.com

2Sources