EN

Beynəlxalq konfransda konstitusion prinsiplər müzakirə olunub VİDEO

Bakı, 12 noyabr, AZƏRTAC

Bakıda “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfrans öz işinə panellərlə davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladovun moderatorluğu ilə keçirilən paneldə “Konstitusion prinsiplər: Qanunun aliliyinə aparan yol” mövzusu müzakirə olunub.

Qırğız Respublikası Konstitusiya Məhkəməsinin sədri Emil Oskonbayev bildirib ki, 1995-ci ildə qəbul olunan, dövlətin strateji istiqamətini təyin edən gələcək inkişafının fundamental prinsiplərini təsbit edən, dövlət hakimiyyəti arxitekturasını müəyyənləşdirən əsas qanun olan Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi qeyd edilir. Bu tarix, sadəcə, təqvim mərhələsi deyil, zamanın, saatların və tarixi çətinliklərin sınağından keçmiş hüquqi quruluşun yetkinliyinin kulminasiya nöqtəsidir:”30 il ərzində Konstitusiya normaları idarəetmə və hüquq-mühafizə orqanlarının gündəlik təcrübəsinə çevrilib və dövlət qərarlarının proqnozlaşdırılmasını, legitimliyini təmin edib. Yubiley tədbirinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin himayəsi altında keçirilməsi simvolikdir. Konstitusiyanın mətninin və ruhunun qoruyucusu olaraq məhkəmə Konstitusiya quruluşunun bütövlüyünü təmin edir, güc balansını qoruyur və fərdin özbaşına hərəkətlərdən qorunmasını ən yüksək səviyyədə təmin edir. Lakin bu gün Konstitusiyanın, onun dəyərlərinin və birləşdirici qüvvəsinin günüdür. Əminəm ki, Azərbaycan Konstitusiyası onun suverenliyinin simvolu, dövlətlə vətəndaşları arasında canlı etimad müqaviləsi olaraq qalacaq, ölkəni davamlı və bərabər inkişafa doğru istiqamətləndirəcək”.

O deyib ki, Konstitusiya vətəndaşların çağırışının səsinə çevrilməlidir: "Təbii ki, Konstitusiyanın aliliyi yalnız onun mətninə hərfi mənada riayət etməyi tələb etməklə təmin oluna bilməz. Biz hər bir qərarımızın tam hüquqi müəyyənliyə və sabitliyə nail olmasını təmin etməyə, hüquqi anlaşma və icra standartları müəyyənləşdirməklə yeni Konstitusiya mədəniyyətini inkişaf etdirməyə çalışırıq. Hüquqi şüurun dəyişdirilməsi, əlbəttə ki, zaman və birgə səy məsələsidir. Konstitusiya Məhkəməsinin qərarlarının icrası seçim məsələsi deyil, Konstitusiyaya sadiqlik məsələsidir. Konstitusiya Məhkəməsi qərarlarının tətbiqi digər orqanlar tərəfindən müzakirə və nəzərdən keçirilməyə məruz qalmır, siyasi məqsədlərə uyğunluqdan asılı deyil. O, hamı üçün eyni dərəcədə məcburidir".

ENOC-un sədri, Moldovanın Uşaq Hüquqları üzrə Xalq Vəkili Vasile Koroy vurğulayıb ki, uşaq hüquqları ilə bağlı qanunlar əlçatan, başadüşülən və proqnozlaşdırılan olmalıdır ki, həmin qanunlardan uşaqlar bəhrələnə bilsinlər. “Qanunun aliliyi gənc vətəndaşlar olmadan mövcud ola bilməz. Uşaqlar da qərar qəbul etməyə təsir göstərə bilməli, onların yaşı, yetkinliyi nəzərə alınmalıdır. Bir çox ölkələrdə uşaq hüquqları iştirakçılıqda da nəzərə alınıb. Biz uşaq hüquqlarının müdafiəsi üçün öz işimizi davam etdirir, bu sahədə islahatların yerinə yetirilməsinə nəzarət edirik", - deyə V.Koroy bildirib.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov qeyd edib ki, müxtəlif alətlərdən praktikada istifadə etmək üçün müəyyən təlim və təhsil tələb edilir. “Normativ-hüquqi üsulların kifayət qədər detallı şəkildə olmaması qanun hazırlayanların keyfiyyətli qanun layihələri üzərində işləməsini çətinləşdirə bilər. Qanunvericilikdə aydınlıq prinsipi bu layihələrin hazırlanmasında xüsusi əhəmiyyət daşıyır. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi bu günə qədər müxtəlif qanun layihələrinə baxıb və onların ekspertizasını həyata keçirib. Layihələrə baxıldıqdan sonra mərkəz öz rəyini aidiyyəti nazirliklərə göndərir. Bundan əlavə, dövlət qulluqçuları üçün indiyədək 17 təlim təşkil edilib və bu təlimlərdə 250-dən çox dövlət qulluqçusu iştirak edib”, - deyə S.Mahmudov diqqətə çatdırıb.

Gürcüstan Xalq Müdafiəçisi (Ombudsman) Levan İoseliani məhkəmə qərarlarının bəzən siyasətləşdirilməsinin təəssüf hissi yaratmasına diqqət çəkib: “Dövlət və xalq müdafiəçisi institutu böyük bir sistemin mühüm hissəsidir. Biz çalışırıq ki, vətəndaşlar üçün vacib olan məsələləri diqqətə çatdıraq və onların müdafiəsini təmin edək. Məqsədim odur ki, bu fəaliyyətə heç bir halda xələl yetirilməsin. Nəticə etibarilə hesab edirəm ki, xalq müdafiəçilərinin ən vacib rolu cəmiyyətdə daha dayanıqlı və demokratik mühitin formalaşmasına töhfə verməkdir”.

Bəhreyn Krallığının müstəqil ombudsmanı Ghada Hameed Habib isə qeyd edib ki, konstitusiyada aparılan dəyişikliklər zamanın tələblərinə cavab verir və hüquqi sistemin daha da təkmilləşdirilməsinə xidmət edir. Bu dəyişikliklərin əsas məqsədi qanunun aliliyi prinsipi əsasında ədalətin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, eləcə də insan ləyaqətinin yüksək tutulmasıdır. “Biz qanun və ədalət arasında körpü rolunu oynayırıq. Dövlət qurumlarının, məhkəmə orqanlarının və cəmiyyətin üzvlərinin birgə fəaliyyəti nəticəsində bu körpü möhkəmlənir və hüquqi dövlətin dayaqları daha güclü olur. Ədalət yalnız qanunların mövcudluğu ilə deyil, onların səmərəli və vicdanlı şəkildə tətbiqi ilə mümkündür. Qarşılaşdığımız çətinliklər isə təkcə milli deyil, həm də qlobal xarakter daşıyır. Müasir dövrdə hüquq, insan hüquqları və ədalət prinsipləri qlobal səviyyədə müzakirə olunan məsələlərdir. Buna görə də beynəlxalq əməkdaşlığa, təcrübə mübadiləsinə və birgə təşəbbüslərə xüsusi diqqət yetirməliyik. Hüquq sistemlərimiz fərqli olsa da, ədalət prinsipləri bütün xalqlar üçün ümumi və dəyişməz dəyər olaraq qalır. Azərbaycanda Konstitusiyanın 30-cu ildönümünün bu qədər yüksək səviyyədə qeyd olunması təsadüfi deyil. Bu, dövlətin hüquqi islahatlara verdiyi önəmi, vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqəti və konstitusion dəyərlərə sadiqliyi nümayiş etdirir”, - deyə Bəhreynin müstəqil ombudsmanı əlavə edib.

Panel müzakirələrlə davam edib.

 

Chosen
5
1
azertag.az

2Sources