EN

Azərbaycan və Dünya Bankı dövlət maliyyə idarəçiliyində rəqəmsal transformasiya layihəsini müzakirə edib

Noyabrın 12-də Azərbaycan Respublikasının maliyyə nazirinin müavini Himalay Məmişov ölkəmizdə səfərdə olan Dünya Bankının İnstitutlar üzrə Qlobal İctimai Maliyyə və İnvestisiya İdarəçiliyi Təcrübə Meneceri Serdar Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Maliyyə Nazirliyində keçirilmiş əvvəlki görüşün davamı olaraq, budəfəki müzakirələr ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə mexanizmləri, dövlət maliyyə idarəçiliyində tətbiq olunan rəqəmsal platformalar, həmçinin Dünya Bankının dəstəyi ilə həyata keçirilən rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi layihəsinə həsr olunub.

H.Məmişov Azərbaycanın dövlət maliyyə idarəçiliyində həyata keçirilən yeniliklər, tətbiq edilən rəqəmsal platformalar barədə ətraflı məlumat verib. O vurğulayıb ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi bütün sahələrdə rəqəmsal transformasiyanı dəstəkləyir və bu təşəbbüslər dayanıqlı, şəffaf maliyyə idarəçiliyinin inkişafına xidmət edir. Nazir müavini qeyd edib ki, layihə Rəqəmsal Dövlət Maliyyə İnformasiya sisteminin arxitekturasının formalaşdırılmasına, o cümlədən nəticəəsaslı büdcə idarəçiliyinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə verəcək.

S.Yılmaz Azərbaycan Hökumətinin rəqəmsal transformasiya və dövlət maliyyə sistemlərinin müasirləşdirilməsi istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirib. O, planlaşdırılan layihənin ölkədə dayanıqlı və şəffaf maliyyə idarəçiliyi üçün yeni imkanlar yaradacağını bildirib.

Görüşdə layihə çərçivəsində həyata keçiriləcək altı əsas modul - dövlət maliyyə idarəetməsi sahəsində informasiya sistemləri və rəqəmsal texnologiyaların müəyyənləşdirilməsi, İKT idarəetmə sisteminin kastomizasiyası, infrastruktur ehtiyacları, kibertəhlükəsizlik səviyyəsi, qarşılıqlı funksional əlaqələnmə və süni intellektə hazırlıq səviyyəsinin qiymətləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.

Sonda tərəflər layihənin uğurlu icrası üçün birgə fəaliyyətin və koordinasiyanın vacibliyini vurğulayıb, növbəti mərhələlər üzrə praktiki addımları razılaşdırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
8
olaylar.az

9Sources