EN

Venesuela genişmiqyaslı hərbi təlimlərə başlayıb

“İndependencia 200” planı çərçivəsində 200 min hərbçi və könüllü qüvvə iştirak edir...

Poliqon xəbər verir ki, Venesuela ABŞ-dan gələn “imperialist təhdid” fonunda ölkə tarixində ən iri hərbi manevrlərdən birinə start verib. Der Spiegel yazır ki, təlimlərdə təxminən 200 min nəfərlik canlı qüvvə iştirak edir — onların arasında həm silahlı qüvvələrin hərbçiləri, həm də hökumətə sadiq yarımhərbi qrupların üzvləri var.

Təlimlər prezident Nikolas Maduronun sentyabr ayında elan etdiyi “İndependencia 200” (“Müstəqillik 200”) adlı milli müdafiə planının tərkib hissəsidir. Müdafiə naziri Vladimir Padrino López bəyan edib ki, bu manevrlər ölkənin “imperialist təcavüzə” qarşı tam hazırlığını nümayiş etdirmək məqsədi daşıyır.

Eyni gün — çərşənbə axşamı — Venesuela parlamenti “Millətin kompleks müdafiəsi haqqında qanun”u təsdiqləyib. Dövlət mediasının məlumatına görə, sənəd hər bir vətəndaşın ölkənin müdafiəsində iştirakını nəzərdə tutur və milli təhlükəsizliyin “xalq əsaslı müdafiə modeli” üzərində qurulmasını təşviq edir.

Son həftələr ərzində ABŞ qüvvələri prezident Donald Trampın əmri ilə Karib dənizində və Sakit okeanın şərq hissəsində sürətli katerlərə qarşı əməliyyatlar həyata keçirib. ABŞ tərəfi bu katerlərin narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu iddia edir, lakin əməliyyatlar nəticəsində onlarla insanın həlak olması beynəlxalq aləmdə ciddi rezonans doğurub.

Ekspertlər hesab edirlər ki, yaranmış vəziyyət Vaşinqtonla Karakas arasında gərginliyi daha da dərinləşdirir. ABŞ-ın Venesuelaya mümkün hərbi müdaxiləsi “çox riskli və proqnozlaşdırılması çətin ssenari” kimi qiymətləndirilir. Bununla belə, Der Spiegel qeyd edir ki, tərəflərin addımları regionda qarşıdurmanın artmaqda olduğunu göstərir.

Poliqon.info

Chosen
39
poliqon.info

1Sources