EN

WP: Tramp Epşteynin azyaşlı qurbanlarından biri ilə onun evində “bir neçə saat” keçirib...

Demokratlar tərəfindən açıqlanan elektron məktublarda Epşteyn Trampın 2011-ci ildə onun evində zərərçəkmiş qadınla görüşdüyünü yazır...

Poliqon xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar mərhum maliyyəçi Cefri Epşteynə aid yeni elektron yazışmaları açıqlayıblar. The Washington Post qəzetinin məlumatına görə, həmin məktublarda keçmiş prezident Donald Trampın Epşteynin zərərçəkmişlərindən biri ilə onun evində “bir neçə saat keçirdiyi” qeyd olunur.

2011-ci ilə aid elektron məktubda Epşteyn özünün tərəfdaşı və həmçinin cinayət işi üzrə ortaq təqsirləndirilən şəxs Gisleyn Maksvellə yazışmasında qeyd edib ki, “Tramp mənim evimdə zərərçəkmiş qadınlardan biri ilə bir neçə saat keçirdi” və “bu görüş heç vaxt polis tərəfindən qeyd alınmayıb”. Epşteyn Trampı “hürməyən it” kimi xarakterizə edib və hadisə barədə susduğunu vurğulayıb.

Başqa bir məktubda, 2019-cu ildə yazıçı Maykl Vulfa göndərdiyi mesajda Epşteyn yazır ki, Tramp “qızlar barədə xəbərdar idi, hətta Gisləynə bu işləri dayandırmasını demişdi”.

Açıqlamalardan sonra Ağ Ev bu iddiaları “iftira” adlandıraraq kəskin tənqid edib. Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, sözügedən qadın Virciniya Cuffre bu ilin aprelində intihar edib. O, öz xatirələrində Trampı bir dəfə gördüyünü, lakin onun “çox nəzakətli və dostyana davrandığını” yazmışdı. Cuffre Trampı heç vaxt hüquqi qaydada ittiham etməmişdi.

“Fakt budur ki, prezident Tramp onilliklər əvvəl Cefri Epşteyni öz klubundan çıxarmışdı, çünki o, qadın əməkdaşlara, o cümlədən Virciniyaya qarşı yolverilməz davranış sərgiləmişdi”, deyə Livitt bəyan edib.

Epşteyn və Tramp bir vaxtlar yaxın dost olublar. Lakin Tramp prezidentliyinin ilk dövrlərindən etibarən bu münasibətlərin çoxdan kəsildiyini bəyan edib

“Biz çoxdan mübahisə etmişik. Deyəsən, onunla son dəfə 15 il əvvəl danışmışam. Mən onun pərəstişkarı deyildim”, deyə Tramp bildirib.

Bu yeni yazışmalar Vaşinqtonda siyasi qalmaqal doğurub. Demokratlar hesab edirlər ki, məktublar Epşteynin nüfuzlu şəxslərlə əlaqələrinin miqyasını göstərir. Respublikaçılar isə bu açıqlamaları “seçki öncəsi təxribat” kimi qiymətləndiriblər.

Poliqon.info

Chosen
34
2
poliqon.info

3Sources