EN

İran son onilliklərin ən kritik su böhranı ilə mübarizə aparır

İran rəsmiləri xəbərdarlıq edirlər ki, ölkəni bürüyən quraqlıq davam edərsə, 10 milyondan çox əhalisi olan Tehran şəhəri tezliklə yaşayış üçün yararsız hala düşə bilər.

“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian dekabr ayına qədər yağıntı olmasa, hökumət Tehranda su təchizatını məhdudlaşdırmağa başlamalı olacaq.

“Hətta məhdudlaşdırma tətbiq olunarsa, və yağıntı yenə də olmasa, ümumiyyətlə suyumuz olmayacaq. Tehran sakinləri təxliyə olunmalı olacaqlar”, - deyə Prezident Pezeşkian bildirib.

Ölkə hökuməti böhranı “əvvəlki hökumətlərin siyasəti, iqlim dəyişikliyi və həddindən artıq istehlak” da daxil olmaqla müxtəlif amillərlə əlaqələndirib.

Ötən həftə dövlət mediası İranın Su Tədqiqatları İnstitutunun rəhbəri Mohammadreza Kavianpura istinadən bildirib ki, ötən il İranda yağıntı miqdarı 57 illik orta göstəricidən 40% aşağı olub və quraqlıq şəraitinin dekabrın sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Paytaxt şəhərin xaricində yerləşən çaylarla qidalanan beş su anbarından tamamilə asılıdır. Lakin su axını kəskin şəkildə azalıb. Tehran Regional Su Şirkətinin rəhbəri Behzad Parsa ötən həftə suyun səviyyəsinin ötən illə müqayisədə 43% azaldığını və Amir-Kabir bəndinin tutumunun cəmi 14 milyon kubmetr - ümumi tutumunun 8%-ni təşkil etdiyini bildirib.

Onun sözlərinə görə, bir vaxtlar təxminən 500 milyon kubmetr su saxlaya bilən Tehranın su anbarları indi cəmi 250 milyon kubmetr su saxlayır ki, bu da təxminən yarıya qədər azalma deməkdir və hazırkı istehlak sürəti ilə iki həftə ərzində tükənə bilər.

Böhran Tehranın hüdudlarından kənara çıxır. Ölkə daxilində 19 böyük bənd - İranın ümumi su anbarlarının təxminən 10 faizi faktiki olaraq quruyub. İranın 4 milyon əhalisi olan ikinci ən böyük şəhəri Məşhəddə su ehtiyatları 3 faizdən aşağı düşüb.

Hakimiyyət orqanları iddia edir ki, iqlim dəyişikliyi su çatışmazlığı problemini daha da ağırlaşdırıb, çünki temperaturun yüksəlməsi buxarlanmanı və yeraltı su itkisini sürətləndirir.

Hakimiyyət orqanları qalan ehtiyatları qorumaq üçün müvəqqəti tədbirlər görür, o cümlədən bəzi ərazilərdə su təzyiqini azaldır və digər anbarlardan su axınını Tehrana yönəldir.

Chosen
10
3
ikisahil.az

4Sources