EN

Qüdrətin və qürurun nümayişi

8 Noyabr  Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış gündür. O, şəhid qanı ilə qazanılmış bir zəfər günü, eləcə də milli ruhun, birliyin və əzmin təntənəsidir. Həmin gün Azərbaycan  xalqının yenidən doğulduğu, ruhunun azadlığa qovuşduğu yaddaşdır. 

Bir neçə gün əvvəl Azadlıq meydanında keçirilən hərbi paradı izləyərkən qürur, sevinc və minnətdarlıq hisslərini eyni anda yaşadım. Qələbəmizin rəmzi olan bu möhtəşəm tədbir illərin həsrətinə son qoyan zəfərin canlı təcəssümü idi. Bu parad 5 ilin möhtəsəm görüntüsü və tarixi hadisə  olmaqla yanaşı, millətimizin yenilməz ruhunun təntənəsi kimi yadda qaldı.  Bəlkə də kimin üçünsə bu təntənə silahların güc nümayişi, yaxud da adi bir tamaşa  kimi görünə bilərdi. Amma mənim üçün belə deyildi. O, şəhidlərin əziz xatirəsinə ehtiramın, qazilərin qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin təcəssümünə çevrilmişdi. Bu parad azadlığın səsi, qürurun addımı, Vətən sevgisinin meydanda canlandığı bir and kimi hələ uzun illər unudulmayacaq. 

Tribunada məğrurcasına dayanan Prezident İlham Əliyevin üzündə  həm zəfərin, həm də  Azərbaycan xalqının uzun illər çəkdiyi ağrıların yükünü daşıyan bir vüqar hiss olunurdu. Dövlət başçısının təbəssümü  çox xoş idi, soyuq, rəsmi gülümsəmə deyildi, ürəkdən gələn sevincin və dərin qürurun ifadəsini canlandırırdı. İlham Əliyevlə çiyin-çiyinə dayanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də həmin tarixi anın şərəfini paylaşırdılar. Üç liderin bu mövqeyi  diplomatik jest olmaqdan çox, qardaşlıq, dostluq və birgə dəstəyin simvolu olaraq açıq-aydın görünürdü. Sanki üç ölkənin qəlbi bir ritmlə döyünürdü.  Liderlərin baxışları meydanda dalğalanan enerjini əks etdirirdi. İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şahbaz  Şərif  tarixi anın şahidləri kimi yan-yana idilər. Onların  duruşu meydanı dolduran insanlara açıq bir mesaj verirdi: burada zəfər, dostluq, həmrəylik və gələcək üçün inam qeyd olunur.

8 Noyabrda azadlıq və qardaşlıq melodiyası Azadlıq meydanını bürümüşdü. Paradı izləyən insanların sevgisi, əsgər və hərbçilərin nizamlı addımları, səslənən marşlar, ifa olunan hərbi mahnılar tarix danışırdı. Tribuna önündə Böyük Zəfərin ruhu dalğalanırdı.  Bu, çox gözəl bir tablo idi, sözə  çevirəndə belə bir mənzərə alınır: o gün ilk öncə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun rəhbərliyi ilə döyüş bayraqdarları meydana qədəm qoydular. Başlar üzərində dalğalanan hər bayraq Azərbaycanın şanlı tarixi və qələbə əzmini ürəklərə doldurdu. Ardınca general-leytenant Hikmət Mirzəyevın başçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin qəhrəmanları  hər addımlarında azadlıq və Vətən sevgisinin dastanını yaşatdılar.

Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, Xarici Kəşfiyyat və Dövlət Təhlükəsizlik Xidmətinin heyətləri tribunanın önündən keçərək, birlik və qürurun rəmzi oldular. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, Birinci, İkinci, Üçüncü, Dördüncü və Altıncı Ordu Korpuslarının döyüşçüləri meydanı zəfər ruhu ilə dolduraraq tarix yazdılar. Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları mətin addımlarla irəliləyərək güc və əzmi nümayiş etdirdilər. Qardaş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri minbaşı Harun Ergenin rəhbərliyi ilə tribunanın önündən keçdilər. Pakistan Silahlı Qüvvələrinin parad heyəti mayor Saqib Alanın başçılığı ilə addımladılar. Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Prezidentin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları isə mətin addımlarla Azadlıq meydanını zəfərin simvoluna çevirdilər. 

Hərbi paradda təqdim olunan zirehli və hərəkətli texnika - 12,7 millimetrlik NSV pulemyotlu avtomobillər, "SPIKE-ER" tank əleyhinə raketlər, 120 millimetrlik "SPEAR" minaatanlar, "SandCat-Stormer" zirehli avtomobillər Azərbaycan Ordusunun çeviklik və mobilitetə verdiyi önəmi göstərirdi. Yeni silahlanmaya daxil edilmiş "VAŞAQ" xüsusi əməliyyat, "COBRA-II" tibbi təxliyə və "Land Rover-110" patrul avtomobilləri, həmçinin "SKİF-COBRA" tank əleyhinə raket kompleksi, BTR-82A və PDM-3 zirehli maşınlar, "T-72M1" və "T-90S" tankları isə ordunun döyüş qabiliyyətinin və strateji üstünlüyünün açıq nümayişi idi.

O gün paytaxtın baş meydanı başlardan ucada dayandı. Səmada ucan üçrəngli bayrağımız başımızın üstündə qanad gərdi, cövlan etdi. Nə gözəl görüntü idi! Heç bir zaman unuda bilməyəcəyim daha bir görüntü isə indi bu sətirləri yazanda da gözlərimin önünə gəldi: səmada göstərilən aviaşou pilotlarımızın məharətinin, ustalığının bir parçası idi. Hərbu Hava Qüvvələrinin şahinləri yaşıl, qırmızı, göy rənglə Azərbaycan bayrağının  görüntüsünü yaratdılar. Təyyarələr uzaqlaşandan sonra Azərbaycan səmasında, Xəzər dənizinin üzərində biri-birinə qarışmış rənglər sanki, bir simfoniya yazdılar. Al-əlvan boyalı həmin ahəng insanın gözünün işığını artırırdı. İşığın sönməsin, Azərbaycan!

Bütün bunlar  gözlə görünən bir səhnə deyildi. Bu,  qəlblərdə, ruhlarda canlanan bir təntənə,  həsrətin və sevincin birləşdiyi mənəvi bir ucalıq idi. Hər addım bir ritm kimi döyüş qəhrəmanlığını, vətən sevgisini və xalqımızın qələbə əzmini ürəklərdə əks etdirir, meydanı Zəfərin sədaları ilə doldururdu.  İnsanlar əlini ürəyinin üstünə qoyub həmin ritmlə döyünən qəlblərlə həmrəylik nümayiş etdirirdilər. Baxışlar biri-birinə qarışmışdı, biri digərinin gözündə  öz sevincini, həyəcanını görürdü. Heç kim əlavə  söz danışmırdı, amma hamı anlayırdı ki,  bu təntənədəki səssizlikdə  minlərlə hekayə var. Hər kəsin içində bir az şəhid xatirəsi, bir az həsrət, bir az da sonsuz fəxarət yaşayırdı. Bu parad səssiz dua, şəhidlərin ruhuna yönəlmiş minnətdarlıq və xalqın iradəsinə yazılmış and idi.  8 Noyabr paradı  müstəqil dövlətin səsi, Azərbaycan adlı məmləkətin var olduğunun təntənəsi kimi diqqət çəkdi. Bu parad Azərbaycan Silahlı Qüvvələrinin tarixi qələbəsi, bütövlükdə Azərbaycanın özü və sözü olaraq yaddaşlara hopdu.

Bu təntənə sadəcə, güc nümayişi deyildi, millətin yaddaşının dirçəlişini təsdiq etdi. Çünki o görüntüdə hərbi texnika ilə yanaşı, Vətənə, torpağa, şəhidə olan sevgi yer almışdı. Bəzən bir bayrağın yellənməsi, bir marşın sədası insana illərlə oxunan tarix dərsindən daha çox şey öyrədir. 8 Noyabr günü bir daha anladım ki, azadlıq təkcə coğrafi sərhədlərlə ölçülmür, o, insanın içindəki qürurun, inamın və birliyin adıdır. Və biz o birliyi qoruduqca, bu Vətən daim qalib olacaq.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

1Sources