"Soyuq hava diş minasında mikroçatlara və plomblara zərər verə bilər".
Ölkə.az "HuffPost" nəşrinə istinadla xəbər verir ki, bu barədə britaniyalı stomatoloq Radca Cunedji danışıb.
O, qışda diş minasının daha həssas hala gəldiyini bildirib:
"Temperaturun tez-tez dəyişməsi səbəbindən dişlər qış aylarında daha həssas olur. Məsələn, soyuqda isti qəhvə içmək kəskin ağrıya səbəb ola bilər. Bundan əlavə, soyuq hava diş minasına və plomblara zərər verə bilər.
İsti mühitdən soyuğa keçid zamanı dişlər bir qədər genişlənir və büzülür. Zamanla bu, diş minasında mikroçatların yaranmasına və ya köhnə plombların zədələnməsinə səbəb ola bilər".
Mütəxəssis əlavə edib ki, mənfi temperaturda bir çox insanlarda ağızda quruluq və tüpürcək çatışmazlığı müşahidə olunur. Tüpürcəyin olmaması bakteriyaların daha sürətlə çoxalmasına, bunun da xoşagəlməz qoxuya və dişlərin zədələnməsinə səbəb olmasına şərait yaradır.
Dişlərə soyuğun mənfi təsirini azaltmaq üçün həkim qışda kifayət qədər su içməyi, tüpürcək ifrazını artırmaq üçün şəkərsiz saqqız çeynəməyi və qapalı məkanlarda hava nəmləndiricisindən istifadə etməyi tövsiyə edib. Əgər dişlər həssaslaşıb soyuğa reaksiya verirsə, mütləq stomatoloqa müraciət etmək lazımdır.
Həmidə İbrahimova