EN

Banka borcu olanların nəzərinə: Böyük təhlükə yaranıb – Hüquqşünasdan xəbərdarlıq


“İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə daxil edilmiş maddədən banklar və bank olmayan kredit təşkilatları sui-istifadə etməyə başlayıb”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri hüquqşünas Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, həmin maddədə qeyd olunur ki, “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydinə dair borclu tərəfindən iddianın qaldırılması icraatın dayandırılması üçün əsas deyil:
“Notariusun icra qeydi borclular üçün böyük təhlükə yaradıb. Fərqi yoxdur, kimə borclusunuz: banka və ya digər şəxsə. Mümkün qədər qısaca izah etməyə çalışacağam. Notariusun icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Bunun üçün kreditor icra qeydinin aparılması üçün notariusa müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Borclu bundan şikayət etmədiyi halda kreditor notariusa müraciət edib icra qeydini alır və icra məmuru onun icrasını həyata keçirməyə başlayır. O cümlədən ipotekaya qoyulmuş əmlakın hərracını keçirir və s. Yəni məhkəməsiz-filansız. Hətta borc məbləği əslində mübahisəli olduğu halda. Əksər hallarda belə də olur, çünki banklar faiz və cərimə məbləğlərini şişirdir”.
Hüquqşünas bildirib ki, belə işlərin sayı artmaqdadır:
“Məsələn, bank təxminən 30 min manat borcu olan şəxsə bildiriş göndərib, əsas borc və faizdən əlavə 10 min manat cərimə də tələb edib. Borclu başa düşməyib, fikir verməyib, elə bilib ki, sadəcə borcun ödənilməsini tələb edir. Amma bildirişdə notariusun icra qeydi barədə də vurğu olub. 20 gün ötüb və bank notariusdan icra qeydini alıb və icra məmuru artıq ipotekada olan evin satışını həyata keçirmək əzmindədir. Təbii ki, borc məbləğinin özü mübahisəlidir, ən azı cərimə məbləği. Amma notariuslar bunu yoxlamır. İcra məmuru da icraatı dayandırmır. Borclu məhkəməyə müraciət etdiyi halda belə. O cümlədən müvəqqəti təminat tədbiri çərçivəsində də məhkəmələr icraatı dayandırmır”.
“Yaranmış vəziyyət qanunsuzdur”, – deyən Əkrəm Həsənov qeyd edib ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsi ən azı Konstitusiyanın 29-cu (“Mülkiyyət hüququ”) və 60-cı (“Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”) maddələrinə ziddir:
“Çünki borclunu məhkəmə təminatı olmadan mülkiyyətindən məhrum edir. Şikayət etmək imkanı da verilmir. Kreditorlar da şişirdilmiş borc məbləğini tələb edir. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi yekunda “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin bu qanunsuz müddəasını ləğv edəcək. Lakin biz bilirik ki, Konstitusiya Məhkəməsi yalnız bankların marağını qorumaq lazım olduqda cəld tərpənir. Əhalinin maraqları üçün tezliklə nəsə etməsini gözləmirəm. Odur ki, kreditordan notariusun icra qeydinin tətbiq ediləcəyi ilə bağlı bildiriş almış hər kəsə tövsiyə edirəm ki, üç həftə ərzində şikayət versinlər, yəni icra qeydinin özünü gözləməsinlər. Belə ki, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Əlbəttə, bu müddəanın özü də absurddur. Çünki prosessual qanunvericiliyə görə şikayəti məhkəmə aktlarından vermək olar. Kreditorun bildirişindən şikayətin verilməsi nəzərdə tutulmayıb (elektron məhkəmə sistemində də belə imkan yoxdur). Bununla belə, başqa yol da yoxdur. Tövsiyə edirəm ki, borclu dərhal kreditora qarşı məhkəmədə iddia qaldırsın (məsələn, borc məbləğini mübahisələndirsin). İddia ərizəsində onun həmçinin şikayət olduğunu böyük hərflərlə vurğulasın. Kreditora da etiraz xarakterli cavab məktubunun yazılmasını tövsiyə edirəm.
Məsələ çox ciddidir. Faktiki olaraq, bank lobbisi qanuna antikonstitusion müddəa daxil etdirib, notariuslar və icra məmurları onu tətbiq edir, məhkəmələr də kənarda durub baxır. Bu, faktiki olaraq borclulara divan tutmaqdır. Odur ki, ayıq olun, cəld tərpənin!
Bu halla artıq üzləşmiş və vaxtında şikayət verməyərək notariusun icra qeydinə məruz qalmış vətəndaşlara isə tövsiyə edirəm ki, hər bir halda məhkəmələrə, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət etsinlər. Ombudsmana da şikayət edin ki, o da Konstitusiya Məhkəməsinə müraciət etsin”.

Elnur Əli
Chosen
38
12
yeniavaz.com

10Sources