EN

Brüssüldə 120 min müəllim hökumətin qənaət planına etiraz olaraq işə çıxmayıb

Paris, 13 noyabr, AZƏRTAC

Valoniya-Brüssel Federasiyasında təxminən 120 min müəllim hökumətin planlaşdırdığı ixtisar və qənaət tədbirlərinə etiraz olaraq işə çıxmayıb. “MR-Engagés” koalisiyasının qəbul etdiyi yeni islahatlar bu etirazın əsas səbəbidir.

AZƏRTAC xəbər verir ki, orta məktəbin yuxarı pilləsində dərs yükünün 10% artırılması, lakin maaşın artırılmamsı, xəstəlik məzuniyyətinə verilən müavinətlərin azaldılması və vaxtından əvvəl pensiyaya çıxış imkanlarının məhdudlaşdırılması müəllimlərin qəzəbinə səbəb olub.

Birgə həmrəylik cəbhəsinin çağırışı ilə Brüsseldəki “Surlet de Chokier” meydanında yüzlərlə müəllim şagirdləri ilə birlikdə toplaşaraq, hökumətin planlarına etiraz ediblər. Polis aksiyada təxminən 250 nəfərin iştirak etdiyini bildirsə də, həmkarlar ittifaqları minlərlə iştirakçı olduğunu bəyan edib.

Etirazçılar bildirirlər ki, nazir Qlatinyi artıq peşə təhsilinə zərbə vurmuşdu, indi isə yeni hücuma başlayıb. Onun planı nəticəsində 1500 iş yeri ixtisar ediləcək. Hökumət bunun yalan olduğunu deyir, amma əgər əlavə dərs saatı verilirsə, deməli, o dərslər ixtisara düşənlərin dərsləridir.

Sosialist Partiyasının (PS) Valoniya-Brüssel parlamentindəki lideri Martin Kazye bildirib ki, bu, təhsil sektoruna qarşı açıq hücumdur. Dərs saatlarının artırılması müəllim çatışmazlığını daha da dərinləşdirəcək. Hökumət bizi XIX əsrin avtoritar məktəbinə qaytarmaq istəyir.

Həmkarlar ittifaqları büdcə kəsintiləri, təhsil haqlarının artırılması və pulsuz xidmətlərin ləğvini də sərt tənqid edib. Gərgin sosial mühitin davamı kimi 24, 25 və 26 noyabr tarixlərində yeni ümummilli tətil elan edilib.

Belçika təhsil sektorunda narazılıq getdikcə artır. Müəllimlər bildirirlər ki, gələcəyin təməli olan təhsil qənaət qurbanı olmamalıdır.

Chosen
25
1
azertag.az

2Sources