ain.az bildirir, Sia Az portalına istinadən.
"Azerbaycan bölgədə inkişaf edən ən önəmli dövlətlərin başında gəlir. Torpaqlarının 20%-i 30 il ərzində işğal altında qalan Azərbaycan, 44 günlük müharibədən sonra torpaqlarını işğaldan azad etməklə dövlətləşmə və xalqının milli kimliyinin formalaşması prosesinə çox mühüm töhfə verdi. Türk milləti və dövlətlərinin tarixinə baxdıqda görürük ki, hərbi qələbələr diplomatiya ilə taclandırılıb sülhə çevrilmədiyi halda, nəticələr çox da sağlam olmur. Son iki əsrdə “müharibədə qazanıb, sülh masasında uduzmaq” ifadəsi geniş şəkildə işlədilir". Bunu SİA-ya açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib.
Onun sözlərinə görə, bunu Osmanlı tarixində, Səfəvi və Qacar dövrlərinə baxdıqda da görmək mümkündür. Misalları artırsaq, Nadir şahın ölümündən sonra yaranan Türk xanlıqları və Türküstan coğrafiyasında qurulan xanlıqların savaş qabiliyyəti yüksək olsa da, diplomatiya və sülh yaratmaq bacarığını inkişaf etdirmədikcə, uzunömürlü olmaları çətinləşmişdir.
Azərbaycan İran, Rusiya, Gürcüstan və Ermənistanla qonşu olan mühüm bir geosiyasi məkanda yerləşir. 44 günlük müharibədən sonra imzalanan 10 Noyabr atəşkəs razılaşması ilə Azərbaycan hərbi gücünü nümayiş etdirdi. Lakin üzərindən beş il keçməsinə baxmayaraq, bu atəşkəs qalıcı sülhə çevrilmədiyi təqdirdə, Azərbaycan üzərində ciddi təzyiqlər davam edəcəkdir.
Bu təzyiqləri Azərbaycanın təkcə hərbi gücü ilə aradan qaldırması mümkün deyil. Bu baxımdan iki variant mümkündür: birincisi, sürətli şəkildə sülh mühitinə keçmək; ikincisi isə, hərbi gücün kifayət etmədiyi məqamlarda Türk Dövlətləri Təşkilatı və Pakistanla hərbi ittifaqlar yaradaraq bölgədə caydırıcı qüvvəyə çevrilmək.
Gürcüstan və Ermənistanı nəzərə almasaq, Azərbaycanın iki böyük rəqibi mövcuddur — İran və Rusiya. Bu iki gücün ölçüsünə və bölgənin geopolitikasına görə qiymətləndirdikdə, Azərbaycan ilk növbədə sülhü təmin etməli, daha sonra müttəfiqlik prinsiplərinə əsaslanaraq caydırıcı qüvvəsini ön plana çıxarmalıdır. Bununla Azərbaycan bölgədəki geosiyasi tarazlıq üzərində daha sağlam bir dövlət strukturu formalaşdıra bilər.
Son hərbi parad və nümayişlərdə bir çox dövlətin iştirakı olduqca önəmlidir. Lakin Türkiyə–Ermənistan–Azərbaycan üçtərəfli sülhü reallaşdırmaq, növbəti mərhələdə Azərbaycanın özünü daha fərqli bir formatda tanıtması üçün vacibdir.
Müharibə və gərginlik psixologiyası Azərbaycanın bölgədə ciddi şəkildə sıxışmasına səbəb ola bilər. Gürcüstanın Türkiyə ilə sıx münasibətləri, Ermənistanın yeni dövrə uyğunlaşmaq istiqamətində göstərdiyi səylər Azərbaycan üçün olduqca əhəmiyyətlidir və bu vəziyyəti düzgün dəyərləndirmək lazımdır.
Rusiya və İranla birbaşa qarşıdurmaya getməkdənsə, dünya geopolitikası və dəyişən beynəlxalq balanslar fonunda Azərbaycan elə xarici siyasət yürütməlidir ki, hərbi seçimə ehtiyac qalmasın. Əgər hərbi variant zəruri olarsa, Türk Dövlətləri Təşkilatı və Pakistanın caydırıcı varlığı Azərbaycan üçün ciddi təhlükəsizlik təminatı olacaqdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.